​​​​​​​Bu gün oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

# 14:13
28 aprel 2023

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi tamam olur.

Dünyaya göz açmaq üçün gələn Zərifə Əliyeva 1923-cü ilin 28 aprel tarixində Naxçıvan MR-in Şərur rayonunda anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb.Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Z.Əliyeva vaxtilə geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib.

Bənzərsiz, işıqlı bir ömür yaşayan Zərifə Əliyevanın işığından hamıya pay çatırdı: ailəsinə, əhatəsində olan hər kəsə, ən əsası da gözünün nurunu itirmiş insanlara…

Azərbaycan oftalmologiya elmini dünyada tanıdan alimin açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Düzdür, cəmi 61 il ömür sürdü, amma bu qısa ömür yolu qaranlıqlara işiq salmaq kimi parlaq səhifələrlə zəngindir.

Zərifə Əliyeva həm də vəfalı ömür-gün yoldaşı, fədakar ana idi. “Əsl məhəbbət haqqında” filminə baxanda həyat yoldaşı, ümummilli lider Heydər Əliyevin öz ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbət duyğuları, haqqında danışdıqları bunu deməyə əsas verir.

Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir işıq mücəssəməsidir.

Onu da qeyd edək ki, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalının redaksiya heyətinin üzvü olan akademik yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.1985-ci il aprel ayının 15-də vəfat edən Zərifə Əliyeva Fəxri Xiyabanda dəfn olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR