Bu gün onların günüdür – QAZİ MÜƏLLİMLƏ SÖHBƏT

# 20:25
5 oktyabr 2021

“Bu gün onların günüdür. Müəllimlərin. Bizə ana, Vətən sözlərini, ilk hərfləri öyrədən müqəddəs peşə sahiblərinin. Qələmini, dəftərini, isti sinif otaqlarını Vətənin azadlığı uğrunda mübarizə üçün yarıda qoyub gedən müəllimlərin də günüdü bu gün! Bakının Xətai rayonundakı 27 saylı orta məktəbin informatika müəllimi Elvin Səlimov da Qazi müəllimdir. Günün özəlliyini nəzərə alıb, qəhrəman müəllimlə  görüşdük”.

 

- Xoş gördük sizi, günün mübarək! Azərbaycan müəlliminin məktəbdən cəbhəyə gedən yolu necə başladı?

 

- Ötən ilin sentyabrında artıq tədris yeni başlamışdı. Sentyabrın 20-si idi. Məni  hərbi komissarlığa çağırdılar. Məktəbə məlumat verib, dərhal hərbi komissarlığa üz tutdum. Müharibə başlayacağını öyrəndim və təlimlərə qatıldım. Qərarımı bir an belə ləngitmədim. Döyüş  yolum sentyabrın 27-28-nə keçən gecə başladı. İlk döyüş mövqeyimiz Füzulinin Alxanlı kəndi oldu. Füzuli istiqamətində qızğın döyüşlərdə, müdafiə və hücumda olduq. Döyüş bölgəsi komfortlu məkan deyil. Bunu hamımız bilirik. Amma döyüşdə insanı ilahi bir qüvvə ruhlandırır. Onda ancaq döyüş, irəli getmək haqqında düşünürsən. Bax o, qüvvə verilən əmrləri icra etmək üçün səni yalnız irəli aparır, bu hissi ilk dəfə yaşamışdım. Mən həqiqi hərbi xidməti Ağdamda keçməyimə baxmayaraq, onda atəşkəs dövrü olduğundan yalnız hazırlıqlarımız davam edib. Bu tamam fərqli situasiya idi. Burda isə hücum komandaları var idi. Füzuli istiqamətində uğurlarımız çox oldu, amma döyüşlərin birində tabor komandirimiz şəhid oldu. Onun ölümündən sonra elə bil ikinci nəfəs verildi bizə, sarsılmışdıq. Onun qanı yerdə qalmasın dedik və irəlilədik.

Cəbrayıl, Xocavənd istiqamətində də irəliləyərək uğur əldə etdik. Noyabrın əvvəllərindən başlayaraq Şuşaya qalxdıq. Topxana meşəsindən keçərək irəliləməyə başladıq. Xüsusi təyinatlılarımızla görüşdük. Qəribə hisslər idi, onları görüb söhbət etdikdən sonra daha da möhkəmləndik. Müəllim olaraq cəbhədə olmaq artıq ikinci missiyam idi. Orda ən çox düşüncəm irəli getmək, torpaqlarımızı azad etmək üçün töhfə vermək idi. Çox xoşbəxtəm ki, Vətən üçün nəsə edə bildim, ümidvaram ki, bu işindən öhdəsindən gəlməyi bacarmışam. Şuşanın işğaldan azad edilməsini anbaan yaşamışıq. Prezident Ali Baş Komadan Şuşanın işğaldan azad edildiyini elan edəndə biz bu prosesin içində idik. Bu bir başqa duyğudur. Bu anı necə yaşamışıq, onu anlatmağa belə çətinlik çəkirəm. Noyabrın 10-da artıq döyüşlər bitdi və şükür ki, qələbə ilə.

 

- Döyüşlərin ən yadda qalan anını necə xatırlayırsınız?

 

- Qızğın döyüşlər gedirdi. Şagirdlərimin mənim üçün video çəkib göndərmişdilər. İnanın sevincimin həddi yox idi. Komandirlərimə dedim, icazə ilə döyüşçü dostlarımla birgə bir video çəkib onlara göndərdik. Ötən il 10-A sinfində dərs keçirdim, müharibə elan olunanda. İndi şükürlər olsun şagirdlərimləyəm. İndi məktəbdə hərbi hazırlıq dərslərini keçməyə başlayıblar, bu çox uğurlu addımdır. Mən də hərbçi kimi onlarla keçdiyim döyüş yolunu bölüşürəm. Bilirsiniz oxumaq başqa, yaşamaq, təcrübə başqa. Hamısı maraqlanır. Hərdən düşünürəm ki, kaş ki bizim də döyüşlərdə iştirak etmiş bir müəllimi olardı, onlardan dərs alardıq. Bu da qürurludur. Bütün müəllim yoldaşlarımı təbrik edirəm. Şəhidlərimizə allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram.

 

Sevinc Vaqifqızı,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR