Bu kənd sürətlə boşalır: Gələn 1 gün belə qalmaq istəmir - APA TV

# 15:04
14 noyabr 2022

Zərdab rayonunun Məmmədqasımlı kəndinin sakinləri yol, məktəb və bağça ilə bağlı yaranmış problemlərdən narahatlıqlarını bildirirlər.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, cəmi 4-5 kilometr uzunluğu olan kənd yolu uzun müddətdir ki, bərbad vəziyyətdədir. 50 il bundan əvvəl asfaltlanan yol tamamı ilə dağılıb. Camaat deyir ki, nə vaxt problemlə bağlı bələdiyyəyə üz tuturuq, gətirib yolun çox dağılan hissələrinə çınqıl töküb gedirlər. Qışda palçıq, yayda toz yaşamağa imkan vermir. Nə təcili yardım, nə də taksilər kəndə girmək istəmir.

 

Sakinlər deyir ki,  problemlər bununla bitsə dərd yarıdır. Kəndin məktəbi də, uşaq bağçası da yararsız vəziyyətdədir. Məktəb odun sobası ilə qızdırılır. Dərsdən qayıdanda his iyindən uşaqlara yaxın durmaq olmur. Məktəbdə odun olmadığından şagirdlər dərsə gedəndə odun aparırlar.

 

Sakinlərin məktəblə bağlı şikayəti ilə əlaqədar üz tutduq məktəbə. Girişdə mühafizə olmadığından rahatlıqla məktəbin həyətinə daxil olduq. Burada özünü məktəb direktoru kimi təqdim edən şəxs çəkilişə icazə vermədi. Dəfələrlə cəhd etməyə çalışsaq da nə məktəb rəhbərliyi, nə də təhsil şöbəsi bizim cəhdlərimizə heç bir cavab vermədi.

 

Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovla əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, ölkədə hər il 100-ə yaxın təhsil ocağı əsaslı təmir olunur və ya yenisi tikilir. Adı çəkilən məktəbdə də plana uyğun olaraq işlər görüləcək.

 

Sakinlərin şagirdlərin məktəbə odun aparması ilə bağlı iddiasına da münasibət bildirən mətbuat katibi qeyd etdi ki, ehtiyac yaranan bütün məktəblər odunla təmin olunur.

Məktəbdə mühafizəçinin olmaması, şagirdlərin təhlükəsizliyinin təmini ilə bağlı məsələyə isə cavab vermək istəməyən Cəsarət Valehov telefonu söndürdü. Sonrakı zənglərimizə isə ümumiyyətlə cavab vermədi.

 

Vəzifə borcu olmağına baxmayaraq, 3 suala cavab verməyə hövsələsi çatmayan təhsil qullquçusundan fərqli olaraq, Məmmədqasımlı kəndinin sakinləri səbirlə problemlərinin həll olunacağı günü gözləyirlər. Adamı dinləməyə belə dözümü çatmayan bu cür kəmhövsələ qulluqçularla problemin aradan qaldırıldığı günü görəcəklərmi, açığı, buna cavab vermək çətindi.

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR