Bu məktəbdə 160 şagird, 2 ilan “təhsil alır”

# 17:57
29 mart 2023

Təhsil ocağı yararsız və qəzalı vəziyyətdə, sinif otaqlarında ilanlar peyda olub.

Bu gün 160-dan çox şagirdin təhsil aldığı məktəb Zaqatala rayon mərkəzindən 35-40 kilometr uzaqlıqda, Alazan vadisində Gürcüstanla həmsərhəddə yerləşən Kəpənəkçi kəndində fəaliyyət göstərir.

Ötən əsrin 60-ci illərində tikilib, istifadəyə verilən 180 şagird yerlik məktəb binası hazırda yarasız və qəzalı vəziyyətdədi. Kəndin yeganə təhsil ocağının inzibati binasının sinif otaqlarının döşəməsi, qapı və pəncərələri sınmış-çürümüş haldadır. Məktəb binasının hörgüsündə istifadə edilən tikinti materilallarının istismar müddəti başa çatdığından, divarlar dağılıb-sökülməyə başlayıb. Təhsil ocağının akt və idman zalları tam yararsız haldadır, artıq neçə ildir ki, istifadə edilmir.
Məktəb direktorunun sözlərinə görə, bina 22 il bundan əvvəl təmir edilib.

Kənd sakinləri müasir standartlara cavab verən yeni məktəb binasının tikilməsinə ehtiyac olduğunu bildirirlər.
 

Həm müəllimlər, həm də valideynlər deyirlər ki, havalar isinəndən sonra sinif otaqlarının birində iki ilan peyda olub.

Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov bildirib ki, ümumtəhsil müəssisələrində təmir və ya məktəb inşası mərhələli şəkildə aparılır. İlk olaraq ən böyük və daha qəzalı vəziyyətdə olan məktəblərin bərpası plana salınıb. Sözügedən kənd məktəbi isə yaxın vaxtlarda tamamilə söküləcək. Yerində yeni binanın tikintisi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Zaqatala rayonunda 66 ümumtəhsil məktəb fəaliyyət göstərir. Bu məktəb binalarından 23-ü 2012-ci ildə Zaqatalada baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb və dövlət vəsaiti hesabına qısa müddətdə tikilib istifadəyə verilib. Hazırda isə rayonda Kəpənəkçi kənd məktəb binası daxil olmaqla, Muğanlı və Lahıc kənd məktəb binalarının yenidən tikilməsinə ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR