Bu qədim musiqi aləti Zaqatala və Balakəndə çox məşhurdur

# 13:47
24 may 2023

Çox qədim musiqi aləti olan, “tambur”, “dambur” kimi də tanınan tənbur qopuzun bir növüdür. Yarandığı tarixdən əsrlər keçməsinə baxmayaraq tənbur qədim formasını qorunaraq bugünkü nəsillərə gəlib çatıb. Tənbur Zaqatala və Balakən rayonlarında yaşayan azsaylı xalqlar arasında geniş yayılıb. Bu rayonlarda tənburun mahir ifaçıları, həmçinin tənbur aləti düzəldən usta sənətkarlar var.

Bu musiqi aləti əsasən tut və çökə ağaclarından hazırlanır.

Tənbur çalovabənzər gövdə (çanaq), azca geriyə əyilmiş kəllə (tac), qolla kəlləni birləşdirən kəmik xərək (körpücük), ağacdan hazırlanmış və gövdə üzərində yerləşdirilmiş kiçik xərək, kiçik ölçülü qol, qolun üzərində 4 - 5 ədəd ağacdan pərçim edilmiş pərdən ibarət olur. Qədim zamanlarda telləri iri mal-qaranın damarlarından hazırlanırdı. Lakin, sonralar ipəkdən, metal tellərdən və hətta müasir dövrdə sintetik materiallardan da istifadə olunur.

Qeyd edək ki, tənburun digər simli alətlərdən başlıca fərqi mizrabla deyil, barmaqla – baş və şəhadət barmaqları ilə çalınmasıdır. Alətin özünəməxsus səs ahəngi var.

 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR