Bu rayonlarda mobil şəbəkələr niyə zəifdir?

# 11:24
11 noyabr 2021

Keçmiş cəbhəyanı kəndlərdə, o cümlədən Ağdamın Orta və Ayaq Qərvənd kəndlərinin sakinləri bu ərazilərdə mobil şəbəkənin zəifliyindən şikayət edirlər.

APA TV xəbər verir ki, bu ərazilər Qoşunların keçmiş qarşıdurma xəttində yerləşdiyindən mobil şəbəkələrin siqnal xətti kəndlərin mərkəzi ilə məhdudlaşdırılıb.

Səbəb isə ermənilərin Azərbaycanın mobil şəbəkələrinə və yaxud telefon danışıqlarına kiber müdaxiləsinin qarşısını almaq olub. Məhz bunu bilən kənd sakinləri də illərdir hərbi sirlərin və informasiya təhlükəsizliyinin qorunması səbəbindən susublar. Lakin artıq ermənilər Azərbaycan torpaqlarından qovulduğu üçün onlar da mobil telefonlarından rahatlıqla istifadə etmək istədiklərini deyirlər.

Şəbəkənin zəifliyi təkcə telefon danışıqlarında çətinlik yaratmır. Eyni zamanda internet istifadəçilərinin də narazılığına səbəb olur. Telefonda pulla aldıqları internet paketi istifadə olunmadan bağlanır.

Mövzu ilə bağlı mobil operatorların da mövqeyini öyrəndik. “Azercell”in nümayəndəsi Günay Məmmədli deyir ki, mobil operator işğaldan azad olunmuş ərazilərimizdə mobil telekom infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. İndi işğaldan azad olunmuş torpaqlarımızda Azercell şirkətinə məxsus 65-dən artıq radio baza stansiyası fəaliyyətdədir. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər artıq Azercell şəbəkəsi ilə əhatə olunub.

Azərbaycanın ilk mobil operatoru olan “Bakcell”in İctimaiyyətlə Əlaqələr departamentinin baş mütəxəssisi Aydın Qədirov isə deyir ki, “Bakcell” keçmiş cəbhə xətti daxil olmaqla bütün ölkə ərazisində yüksək keyfiyyətli mobil rabitəni təmin etmək üçün şəbəkənin optimallaşdırılmasını və 24 saat ərzində nəzarət işlərini həyata keçirir. 

Qeyd edək ki, sözügedən şəbəkə zəifliyi bütün keçmiş cəbhəboyu yaşayış məntəqələrini əhatə edir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR