Bu şəxslərin sürücülük vəsiqəsi dondurula bilər - APA TV

# 11:29
18 noyabr 2022

Bakı-Sumqayıt yolunda sürücü ard-arda beş maşın vurdu. Sürücü hadisənin səbəbi kimi 2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkdiyini və həmin an özündə olmadığını əsas gətirdi. Bu hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Məlum oldu ki, ölkəmizdə sürücülük vəsiqəsi veriləndən sonra sürücülərin sağlamlığındakı dəyişikliklər aidiyyəti qurumlar tərəfindən izlənmir.

Yəni sürücülər sadəcə vəsiqə alan zaman həkim müayinəsindən keçirlər. Tutaq ki, bu gün sürücülük hüququ alan şəxs sabah hansısa ağır psixoloji və ya fizioloji xəstəliyə tutuldu, amma o avtomobil idarə etməyə davam edir. Bu isə həm şəxsin özü, həm də digər insanlar üçün real təhlükə deməkdir.

Maraqlıdır, bu cür şəxslərin sürücülük hüququ niyə dondurulmur? Ümumiyyətlə, bu məsələdə hansısa nəzarət mexanizmi mövcuddurmu?

Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, sağlamlıq arayışı verən məntəqələrdə rüşvət baş alıb gedir. Buna görə də cəmi 50 manata hamı sağlamlıq arayışını asanlıqla ala bilir.

Ekspert onu da söylədi ki, problemin yaranmasının başlıca səbəbi aidiyyəti qurumların sistemdə bir-birlərini görməmələridir. Səhiyyə Nazirliyinin, yol polisinin, prokurorluğun, hər birinin öz sistemi var. Ümumi baza olmadığı üçün sistemlər məlumatı yol polisinə ötürə bilmirlər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Əsgərli də deyir ki, sürücülərin səhhətindəki dəyişikliklə bağlı DYP-yə məlumatı səhiyyə strukturları ötürməlidirlər.

Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu məsələyə Səhiyyə Nazirliyi baxır. Nazirlikdən isə məsləhət gördülər ki, poliknikalarla əlaqə saxlayaq. Ancaq əlaqə saxladığımız bütün tibb müəssisələri bizi təkrar TƏBİB-ə yönəltdilər.

Beləcə məlum oldu ki, vahid sistem yaratmaq bir yana, heç səhiyyə qurumları arasında bu öhtəliyin kimə aid olduğunu bilən də yoxdur.

Yəni, təhlükəli vəziyyət davam edir. Problemin isə yaxın vaxtlarda çözüləcəyinə ümid yoxdur.

 

 

Fidan Etibarqızı

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR