Burda hər ay dəhşət yaşanır: 7 ildir tikintisi başa çatmır

# 15:42
8 fevral 2022

“Xala xətrin qalmasın”. Çox yerində və maraqlı bir ifadədir. Hövsan yolundayıq, baxmayaraq ki, dövlət tərəfindən yolun əsaslı şəkildə  təmir olunması üçün əsaslı şəkildə  vəsait ayrılıb. Amma bizə də məlum olmayan səbəblərdən təmiri yarıda dayandırılıb. 4 hərəkət  zolaqlı olması nəzərdə tutulsa da, cəmi iki zolağı istifadəyə verilib. Texnikalar da ərazidə tökülüb qalıb. Acınacaqlı vəziyyətdir. Bu da bir faktdır ki, hər il, bəlkə də hər ay onlarla insan məhz bu yolda öz həyatını itirir. Nəticəsi bəlli, səbəbi də göz qabağında.

 

Zığ dairəsi, Hövsan-Türkan avtomobil yolunun təmirinə 2015-ci il oktyabrın 20-dən başlanılıb. 2017-ci ilin oktyabrında da tamamlanması nəzərdə tutulmuşdu. Amma tamamlanmadı. 2 il sonra, yəni 2019-cu ildə yolda quraşdırılan məlumat lövhəsində yenidən eyni elanla rastlaşdıq. Amma yenə eyni aqibət...

 

Bütün bu illər ərazində isə ərazidə qəzalar olur, insanların ömürləri də yolun tikintisi kimi yarıda qalırdı. İllərdi bu yolsuzluğun içində başqa bir qaranlıq da gizlənib. Sakinlər bilmirlər ki, it hürən tərəfə getsinlər, yoxsa, işıq gələn tərəfə. Daha doğrusu, işıq öləziyən tərəfə. Çünki burda axşam oldumu, işıq dirəklərinin öz diblərini belə işıqlandırmağa gücü çatmır. Hələ biz “indi aşar, bu sabah aşar” vəziyyətin   də olan dirəklərdən söz açmırıq.

 

Hə, bir də sakinləri narahat edən əsas məsələ yolboyu dayanacaqların olmamasıdır. Bir neçə il öncə 1-2 yerdə dayanacaq qoyulmuşdu, ancaq heç biri küləyin qarşısında dayana bilmədi, parça-parça olub ətrafa səpələndilər. Odur-budur yol boyunca dayanacaq adında nəyəsə rast gələ bilməzsiniz.

 

Hər saniyəsi “ölüm saçan” bu yolla bağlı görəsən aidiyyatı qurumlar nə düşünür? Ümumiyyətlə, nəsə düşünürlərmi? Niyə yolun təmiri illərdir bitmir?

 

Əl qərəz, məsələ ilə  bağlı əvvəlcə Suraxanı RİH-nin mövqeyini öyrəndik. Təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov bildirdi ki, yol yaxın vaxtlarda istifadəyə veriləcək: “2023-cü ilə kimi tamamlanacaq. Dəqiq? Bunu dəqiq AAYDA bilir. Onların yerinə danışa bilmərəm. Amma düşünürük ki, 2023-cü ilə kimi bitər”.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə öz növbəsində yolun təmiri və tikintisi üçün hökumətin əlavə vəsait ayırmasını gözləyir.

 

Yenicə səlahiyyətləri Bakı şəhər İcra Hakimiyyətinə verilən Bakı Nəqliyyat Agentliyindən isə sorğumuza cavab olaraq dedilər ki, əraziyə dayanacaqların qoyulması üçün yol tam təmir edilməlidir.

 

Hər il, bəlkə də  hər ay məlum  problemi işıqlandırdıqda qulaqlarımız “bu il istifadəyə verilməsi nəzərdə  tutulur” sözlərini eşitməyi adət edib sanki.

 

Yol adamı aydınlığa çıxarır. Yol mədəniyyət, dövlət, var deməkdir ay oğul!

 

AYTƏN SAKİTQIZI,  

XƏYAL İSKƏNDƏROV,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR