Buz bağlayan “qaynar” xətlər - VƏTƏNDAŞ NİYƏ SAATLARLA GÖZLƏMƏLİDİR?

# 23:15
18 noyabr 2021

“İstər öncələr, istərsə də pandemiya dönəmindən sonra ölkədə yaranan əsas problemlərdən biri də qaynar xətlərin telefonlarımıza cavab verməməsidir. Bax, bununla bağlı bizə dəfələrlə şikayət məktubları göndərilib ki, “filan nömrədən cavab vermirlər”, “filankəsə yığırıq, heç bir telefonumuzu açmırlar”. İndi biz gəlmişik bu məsələni kökündən yoxlamağa ki, doğrudanmı belə bir şey var, yoxsa yanlış məlumatdır? Məsələn, bu dəqiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əlaqə nömrəsi, “146”ya zəng edəcəyik. Görək deyilən məlumatlar nə qədər doğrudur?”

 

Düzdür, “araşdıracağıq” dedik. Ancaq həmişə müraciət etdiyimiz ekspertlər mövzunun qaynar xətt olduğunu görəndə çəkilib durdular bir kənarda. Biz də Allah ümidinə, başladıq internet saytlarında maraqlanmağa ki, bəlkə yetərli əsaslandırmaya rast gələrik. Girib nə görsək, yaxşıdır? Hər il yenidən qaynayan zəng problemi yaxın beş-on ildən bəri var imiş. Yox, vallah, elə də təəccüblənəsi iş deyil. Hələ yadıma gəlir ki, səbəbsiz yerə binamızda kommunal xidmətlə bağlı problem yaranmışdı və mən özüm cəhənnəm, evdəki bütün qohum-əqrəbanın konturunu qurtarmışdım ki, bəs yeddi yüz yetmişinci adamdan sonrakı növbəmi əldən verməyim. Adam təkrar-təkrar fikirləşsə də, cavab tapa bilmir ki, ilin-günün bu vaxtı, vətəndaşın isti-soyuq demədən çörək pulu dalınca qaçdığı ərəfədə bu mərhum telefon xəttləri bir yaralı barmağımızın dadına çatmırsa, daha onun harası “qaynar” oldu? Söz yox, 103, 112 kimi üzəçıxarılası, vətəndaşın canından ömür aparmayan xidməti nömrələr də var. Lakin gecikmə probleminə bəhanə yolu axtaran qurumların sayı həll yolu axtaranlara nəzərən daha çoxdur axı. Məsələn, operator çatışmazlığı ilə bağlı açıqlama verən hansısa qurum niyə elə düşünür ki, bu, vətəndaşın birbaşa, ya da bilavasitə vicdanına bağlı məsələdir və qurumun işçi azlığı 40 nəfərlik növbə üçün tutarlı səbəbdir?

 

Bu sualın cavabını biz nə müxbir, nə də sadə vətəndaş kimi hələlik tapa bilməmişik. Ancaq cavab üçün müraciət etdiyimiz qurumlar da öz qaynar xəttlərindən geri qalmayıb bizi heç olmasa, bircə gün gözlətməyi üstün tutdular. Di gəl, sən saydığını say, gör APA nə sayır. Olsun, nə deyirik? Onlar nə vaxt açıqlama versələr, bu media, bu da bizim mikrofon. Lakin daha gözləməyə nə vaxtımız var, nə də həvəsimiz. Fakt faktlığında qalır. Qaynar xəttlərimiz rudimentləşir və çıxış yolu görünmür.  Allah səbr verməsin.

 

Mir Çingiz Ağazadə

Fariz Quliyev

Xəyal İskəndərov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR