Cəlilabadın Bayxanlı kəndində enerji infrastrukturu yenidən qurulub

# 10:30
30 may 2021

Bura Bayxanlıdır - Cəlilabad rayonunun ucqar kəndlərindən biri. İran İslam Respublikası ilə həmsərhəd olan bu kənddə elektrik təsərrüfatı 1965-ci ildə qurulub.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, həmin illərdən bəri avadanlıqlar fiziki olaraq köhnəldiyi üçün elektrik təchizatında fasilələrə yol verilirdi.

 

Qar, yağış, güclü külək yararsız vəziyyətdə olan işıq dirəklərini sıradan çıxarır, elektrik naqillərini qırırdı. Bu da abonentlərin haqlı narazılığına səbəb olurdu. Artıq bu kimi problemlər keçmişdə qalır, kənddə enerji infrastrukturu yenidən qurulur. 

 

Kənd sakini Xanbala Əliyev deyir ki, nəvələrimin, uşaqların dərsə hazırlanması işində həddindən artıq əziyyət çəkiblər indiyə qədər: “Səhər durub məktəbə gedən müddətdə elektrik xəttinin kəsilməsi nə deməkdir, təbii ki, hamı başa düşür. Bu da əhalinin, dediyim kimi, narazılığına səbəb olurdu. Tez-tez şikayətlər qaldırılırdı bu məsələlər barəsində. Elektrik enerjisindən çox asılıdır əhali. Evlərin qızdırılmasında, yemək, çayın hazırlanması işində elektrik enerjisindən çox istifadə olunur. Çünki qaz təchizatı bizdə yoxdur. Bu da elektrikə daha çox tələbatın yaranmasına səbəb olurdu. Amma xətlərin köhnəliyi, istifadəyə yarasızlığı bizə imkan vermirdi”. 


Cəlilabad Elektrik Şəbəkəsinin baş mühəndisi Abdulhəsən Cəfərovun sözlərinə görə, işlər qısa zamanda başa çatıb: “Ölkə rəhbərliyinin diqqət və qayğısı, “Azərişıq” ASC-nin rəhbərinin tapşırığına əsasən bu abonentlərin şikayətini aradan qaldırmaq üçün 178 abonenti olan bu kəndin kabelləşməsi, 10 və 04 kVt-luq ümumiyyətlə elektrik xətlərinin yenidən qurulmasına start verildi. Qısa zaman müddətində bu işlər başa çatdı”. 

 

Görülən işlər, keyfiyyətli və fasiləsiz elektrik enerjisinin verilməsi əhali arasında məmnunluq yaradır. Bayxanlı kəndində 3 transformator məntəqəsi var idi və zamanla kənddə əhalinin çoxalması, transformator məntəqəsindən uzaqlaşma elektrik gərginliyinin düşməsinə səbəb olurdu. “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən bu problemin də həll olunması istiqamətində işlər görülüb, transformator məntəqələrinin sayı artırılıb. “Bu gün kənddə 7 transformator məntəqəsi quraşdırmaqla 178 abonentin bütün 04 kVt-luq xətləri yeni dayaqlar basdırılmaqla kabelləşdirilib. O cümlədən 10 kVt-luq dayaqlar dəmir dirəklərlə, yeni naqillərlə əvəz olunub. İş yekunlaşıb. Bu gün 40-a qədər abonent artıq yeni 04 kVt-luq şəbəkəyə köçürülüb, yeni qutular və sayğacla təmin olunub. İşlərimiz davam edir”. 

 

Kənd sakini Əlövsət Həsənov bundan sonra işıqla bağlı problem yaşamayacaqlarını deyir: “Bizim əraziyə yeni sip kabel sistemli müasir xətt çəkildi. İnsanlar bundan sonra işıq problemi yaşamayacaqlar. Ölkə başçısına minnətdarlıq edir hər kəs ki, ucqar dağ kəndində, sərhəd zonasında çox yüksək səviyyədə rahat həyat yaşayacaq. Ölkədə gedən prosesləri TV vasitəsilə izləməyə tam imkanları olacaq”. 


Qeyd edək ki, Cəlilabad Elektrik Şəbəkəsinin xidməti ərazisində 42 000 abonent var ki, bunun da 2400-ü qeyri-əhali sektorudur. Bayxanlı ilə yanaşı, digər kəndlərdə də enerji təchizatının yaxşılaşdırılması üçün müvafiq işlər görülür. Rayonun Seyidbazar, Hacıismayıllı, Hasıllı, Sabirabad, Uzuntəpə, Ocaqlı, Maşlıq kəndlərində kabelləşdirmə işləri davam etdirilir.

 

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR