Ceyhun Məmmədov: “Prezident özü şəxsən bu proseslərə nəzarət edir”

# 20:20
29 oktyabr 2021

Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsindən sonra Vətən Müharibəsində tarixi qələbədən sonra Azərbaycan cəmiyyəti, ümumilikdə bütün region yeni reallığa qədəm qoydu. Qısa zaman ərzində bir beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, daha iki hava limanının tikintisinin nəzərdə tutulması, işğaldan azad olunmuş əraziləri bir-birinə bağlayan müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, Zəngəzur Dəhlizinin əsasının qoyulması dövlət başçısının formalaşdırdığı yeni reallığın konturlarını aydın göstərir.  Prezident İlham Əliyevin fasiləsiz iş cədvəli və yorulmaz fəaliyyəti, qarşıya qoyduğu hədəflərə çatmaq üçün yürütdüyü məqsədyönlü siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzurun yeni və müasir portreti yaranmağa başlayıb.

 

İqtisadçı-alim Fuad İbrahimov deyir ki, bölgədə başladılan layihələr lokal deyil, regional əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan prezidentləri tərəfindən təməli qoyulan Zəngəzur dəhlizi gələcəkdə həm türk dünyasının birləşdirəcək, həm də region ölkələrini öz iqtisadi asılılığına salacaq: “Azərbaycan artıq təkcə şərq-qərb istiqamətində deyil, şimal-cənub dəhlizində də əhəmiyyətli, strateji dövlətə çevrilir. Beləliklə həm regionda, həm də qitələrarası mərkəz kimi hər kəsin marağında olacaq. Bu isə ölkəmizin həm investisiya cazibədarlığının, maliyyə dayanıqlılığının artmasına, ən başlıcası isə, qeyri neft sektorunun inkişafına, eyni zamanda neft amilindən asılılığı kəskin şəkildə azalmasına şərait yaradacaq”.

 

“Qələbənin qazanılmasında ən ciddi amil xalq prezident birliyidir və düşmənlərimizi də qorxudan məhz budur”. Bu sözləri isə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O qeyd edib ki, xalq, iqtidar birliyini Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə də özünü göstərdi: “Ümumilikdə Cənab Prezidentin həyata keçirdiyi daxili humanist siyasətdən,  vətəndaşlara göstərilən qayğıdan irəli gələn məsələdir. Çünki bu sevgini qazanmaq üçün ciddi işlər, ciddi fəaliyyət olmalıdır. Və bu gün bunu cənab Prezident müvəffəqiyyətlə, çox uğurla həyata keçirir. Bizim qarşımızda duran vacib məsələ bu həmrəyliyi qorumaqdır. Çünki, düşmənlərimizi ən çox qorxudan bizim həmrəyliyimizdir. Biz də çalışmalıyıq ki, bu həmrəyliyi daha da gücləndirək və möhkəmləndirək”.

 

Prezidentin qazi və şəhid ailələrinə xüsusi diqqətindən də danışan deputat bu koteqoriyadan olan insanların hər birinin dövlətin qayğısı ilə əhatə olunduğunu və bunun üçün aidiyyəti orqanlara da xüsusi tapşırıqlar verildiyini diqqətə çatdırıb: “Cənab Prezident və Mehriban xanımın məmurlar qarşısında müəyyənləşdirdiyi vəzifələr var. Biz bunu əyani şəkildə görürük. Bilavasitə cənab Prezidentin tapşırığı ilə qazi və şəhid ailələrinin maddi durumlarının yaxşılaşdırılması istiqamətində addımlar atıldı. “Yaşat” fondu yaradıldı, əlavə təqaüdlər verildi, müalicələrin olunması və digər məsələlər deyə bilərik ki, öz həllini tapıb. Cənab Prezident özü də şəxsən bu proseslərə nəzarət edir”.

 

Prezident İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını, əhalinin rifah halının daha da yüksəldilməsini təmin etmək məqsədi daşıyır. Vətən müharibəsi və post-konflikt dövründə liderlik keyfiyyətləri, sərkərdəlik fəaliyyəti, diplomatik məharəti, dəqiq hesablanmış strateji və taktiki qərarları, Vətən qarşısındakı tarixi xidmətləri Prezident, Ali Baş Komandan İlham Əliyevə olan xalq məhəbbətini daha da artırıb.

 

Dövlətin hazırladığı Strateji bərpa Planı və dirçəliş konsepsiyası Qarabağ regionunu ən inkişaf etmiş zonaya çevirməyi nəzərdə tutur. Hazırda işğaldan azad olunmuş ərazilərdə işlər kompleks şəkildə həyata keçirilir. Çünki, Qarabağ bizim üçün qürur məsələsi, milli maraqlar məsələsidir.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR