COVID-19-dan sonra şirkətlər belə idarə olunacaq

# 15:35
27 aprel 2022

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İqtisadiyyat Nazirliyi ilə birgə “Azərbaycanda şirkətlərin rəqəmsallaşması” mövzusunda hibrid formatda tədbir keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının, eləcə də təşkilata üzv olan ölkələrin Azərbaycandakı səfirliklərinin və ticarət palatalarının nümayəndələri iştirak ediblər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov açılış nitqində bildirib ki, tədbirin keçirilməsində məqsəd İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən “Azərbaycanda şirkətlərin rəqəmsallaşmasının təşviqi”, eləcə də “COVID-19-dan sonra Şərq Tərəfdaşlığı ölkələrində biznesin rəqəmsal transformasiyasının sürətləndirilməsi” mövzularında hazırlanan hesabatların təqdimatıdır.

Sahib Məmmədov Azərbaycanın İƏİT-lə əlaqələrə önəm verdiyini, iqtisadi inkişafa və şaxələndirməyə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi baxımından əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, ötən ilin fevralından başlayaraq təşkilatla müəssisələrin rəqəmsallaşdırılması sahəsində birgə fəaliyyətə başlanılıb və bu sahədə mühüm işlər görülməkdədir.

Nazir müavini Azərbaycanda özəl sektorun inkişafı sahəsində həyata keçirilən tədbirlər, rəqəmsallaşmanın tətbiqi, pandemiyanın və xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin minimallaşdırılması məqsədilə reallaşdırılan siyasət və bunun müsbət nəticələri, Milli Prioritetlər, işğaldan azad edilmiş ərazilərimizdə biznesin dirçəlişi istiqamətində görülən işlər, bu sahədə yeni texnologiyaların və metodların tətbiqi barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

 

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları Baş Direktorluğunun Şərq Tərəfdaşlığı ölkələri ilə iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Jerar Odaz İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzv dövlətlərdə davamlı iqtisadi artım, məşğulluq və həyat şəraitinin yüksəldilməsinə, həmçinin şirkətlərin rəqəmsallaşması sahəsində təcrübənin tətbiqinə töhfə verdiyini vurğulayıb.

Tədbirdə “Azərbaycanda şirkətlərin rəqəmsallaşmasının təşviqi” və “COVID-19-dan sonra Şərq Tərəfdaşlığı ölkələrində biznesin rəqəmsal transformasiyasının sürətləndirilməsi” mövzularında hesabatların təqdimatı olub, müzakirələr aparılıb.

 

Fuad Sadıqov

Fariz Quluyev

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR