“Daha çox “tık”lanılan xəbər, daha çox pul qazandırır” - ŞUŞADA medianın problemləri MÜZAKİRƏ EDİLDİ

# 21:16
22 iyul 2022

Şuşada Beynəlxalq Media Forum çərçivəsində “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar" adlı birinci panel keçirilib. APA TV xəbər verir ki, Emin Musəvinin moderatorluğu ilə keçirilən birinci paneldə ənənəvi medianın problemləri, konvergensiya prosesi, “feyk nyus”la mübarizə məsələləri ətraflı müzakirə edilib. TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman xatırladıb ki, tezliklə Azərbaycan mətbuatının 150 illik yubileyi qeyd ediləcək. O, həmin vaxta qədər Beynəlxalq Media Forumunun qlobal səviyyəyə çatacağına ümidini ifadə edib. Mixail Qusman 44 günlük Vətən müharibəsində Azərbaycanın beynəlxalq mediada üzləşdiyi ədalətsizliyi də xatırladıb: “Bu gün Şuşa və Qarabağ əbədi olaraq Azərbaycanındır və bu həqiqət dünya ictimaiyyətinə çatdırılmalıdır. Beynəlxalq Media Forumun vəzifələrindən də biri budur”. “Əl-Cəzirə” Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim Şuşada belə forumda iştirak etməkdən qürur hissi duyduğunu vurğulayıb: “Elə etməliyik ki, media hər kəsin güvəndiyi bir struktur olsun. Bu baxımdan, bizim hamımızın üzərinə bir məsuliyyət düşür”. Bakıda köhnə qəzetlərlə bağlı sərgini ziyarət etdiyini xatırladan ekspert həmin nəşrlərin bu günə gəlib çıxmasının başlıca səbəbi kimi onların etibarlı və oxunaqlı olmasını göstərib. APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı deyib ki, ənənəvi medianın hazırkı problemi adamların ona olan marağının azalması, yəni kütləvilikdən uzaqlaşmasıdır: “Səbəb isə ənənəvi medianın təkyönlü olmasıdır. Ənənəvi mediada interaktivlik və debat mühiti yox idi. Yeni medianın yaratdığı ən böyük üstünlük bu idi ki, o, öz tamaşaçısına, dinləyicisinə və oxucusuna interaktivlik və debat təklif edirdi. Ta o vaxta kimi ki, yeni media məhsulu ortaya çıxdı: bu isə artıq sosial media idi. Hansı ki sosial media insanlara məlumatı öyrənmək, daşımaq və eyni zamanda, ötürmək imkanı tanıdı. Həmçinin birbaşa debat mühitini yaratmaq imkanını iştirakçının özünə verdi. Artıq sosial medianın imkanları ona gətirib çıxardı ki, saytlar belə sosial media üçün yalnız və yalnız mənbə rolunu oynayırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR