Daşkəsəndə itkin düşənlərin meyitləri minalanmış ərazidə tapıldı – kənddən reportaj

# 21:01
24 sentyabr 2021

Bu gün səhər saatlarında iyulda Daşkəsəndə itkin düşənlərdən birinin paltarı, digərinin çəkməsi və at sümükləri tapılıb.

İsmət Bayramov və Ülfət Rüstəmov iyulun 30-da at gətirmək adı ilə kənd ərazisindəki otlaq sahəsinə gedib, bir daha geri qayıtmayıblar. Hər iki şəxsin yaxınları övladlarında tapılmasını istəyirlər. APA TV əməkdaşları uşaqların itdiyi Alaxançallı kəndində olublar.

İsmətin yaxınları deyir ki, o həmin gün səhər saat 9-10 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Sözügedən şəxslərin tapılması istiqamətində Kəlbəcər rayonu ərazisində intensiv axtarış işləri həyata keçirilir. Ehtimal olunur ki, itkin düşən şəxslər dumanlı hava şəraitində azaraq kəndlə sərhəd olan Kəlbəcər rayonu ərazisinə keçiblər.

Elə kənddə olduğumuz zaman öyrəndik ki, axşam saatlarında itkin düşən hər iki şəxsin meyitləri tapılıb.

Bu barədə APA TV  -yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlanıb.

O qeyd edib ki, hava şəraiti ilə bağlı onların nəşinin ərazidən çıxarılması hələ ki, mümkün olmayıb.

Qeyd edək ki, Daşkəsən rayonunun Alaxançallı kəndinin yuxarı hissəsi İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanla təmas xəttində neytral zona olub.

Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV Daşkəsən

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR