Dedilər, güldülər, sevindilər... - MƏKTƏBLƏRDƏ ƏYANİ TƏDRİS BƏRPA OLUNDU

# 14:10
17 may 2021

Bu gündən etibarən artıq məktəblərdə əyani tədrisə strat verildi. Hazırda Bakının 247 saylı məktəbində dərslərin gedişini izləyirik.

 

Məktəbin direktoru Nihal Hacıyeva deyir ki, bu gün birinci və doqquzuncu sinif şagirdləri qəbul edilib: “Günorta növbəsində isə məktəbə hazırlıq qruplarını qəbul etməyə hazırlaşırıq. Dünəndən artıq dezinfeksiya işləri aparılıb. Şagirdlər məktəbə tam hazırdırlar, həmçinin müəllim heyəti də”.

 

247 saylı məktəbin ibtidai sinif müəlliməsi Afət xanım həm də pianino ifaçısıdır. Deyir ki, şagirdlərin dərsləri daha yaxşı mənimsəməsi üçün fortepianoda onlarla birgə musiqi ifa edir. Bu həm də uşaqların ürəyincədir.

 

“X-XI siniflərdə yekun summativ qiymətləndirmənin distant keçirilməsi müzakirə olunsa da, müzakirələrin sonunda qiymətləndirmənin əyani formada keçirilməsi nəzərdə tutulub”.

 

Bunu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə Bakı, Sumqayıt, Şəki, Gəncə şəhərləri, Abşeron rayonunda ümumtəhsil qismən əyani təhsilə qayıdılıb: “Bununla əlaqədar bütün işlər görülüb. Ümumtəhsil müəssisələrində həftədə 2, ibtidai siniflərdə həftədə 3 dəfə olmaqla əyani tədris bərpa olunub. Xüsusi məktəblərdə həftədə 5 dəfə, məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş olmaqla həftədə 2 dəfə əyani tədrisi bərpa etmişik. Təhsil müəssisələrində xüsusi karantin rejiminə uyğun bütün qaydalar həyata keçirilir. 410 mindən artıq şagird və 25 min müəllim bu prosesə cəlb olunub. X-XI siniflər üçün tədris distant olduğundan həmin siniflər üçün summativ qiymətləndirmə də distant həyata keçiriləcək, II-IX siniflərdə yekun summativ qiymətləndirmə əyani keçiriləcək. Qeyd edim ki, Martın 3-dən müəllimlərin vaksinasiyasına başlanılıb. Aprel ayından isə bu prosesdə yaş həddi götürülüb. Bakıda müəllimlərin vaksinasiyası 10 məntəqədə həyata keçirilir. Artıq Bakıda təhsilverənlərin 70 faizi vaksinasiyadan keçib. Normal təhsilə qayıtmağın tək yolu vaksinasiyadan keçməkdir. Müəllimlər də bu prosesdə öndə oldular”.

 

Sevinc Vaqifqızı,

Samir Qaragözov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR