DİQQƏT! Marketlərdə qəbz kələyi: sizi belə aldadırlar

# 20:56
28 mart 2022

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçının pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən aldığı mala görə ödədiyi Əlavə Dəyər Vergisi geri qaytarılmalıdır.

Həmin vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirməklə yanaşı, ölkədaxili bank kartlarına köçürmələr də etmək mümkündür.

Lakin son vaxtlar istehlakçılar ƏDV-ni geri almaqda bir sıra çətinliklərə rastlaşırlar. Bəzən qəbzdəki ƏDV dəyərini oxutmaq mümkün olmur, bəzən isə marketlərdə ümumiyyətlə, qəbz verilmir.

Başqa bir problem isə portala daxil edilən qəbzin “Gözləyən” statusunda qalması ilə bağlıdır.

Ekspert Xalid Kərimli bildirir ki, həmin 90 dəqiqə müddət məhsulun geri qaytarılması və ya texniki məsələlər üçün nəzərdə tutulub:

“Layihənin qaydası ondan ibarətdir ki, malı mağazadan alandan 90 dəqiqə sonra sistemə daxil etmək mümkün olur. ƏDV-li mallardan söhbət gedir. Yəni bütün məhsullara aid deyil. Gələn ƏDV-lərin bir qismi isə vətəndaşa geri qaytarılır. Çox güman ki, həmin 90 dəqiqə müddət məhsulun geri qaytarılması və ya texniki məsələlər üçün nəzərdə tutulub”.

Ekspertin fikrincə, ƏDV-lər yalnız bir halda sistemə daxil edilə bilməz.

 “Sizdən öncə bir başqa şəxs həmin qəbzi istifadə edibsə, bu mümkün olmayacaq. Bu satıcı da ola bilər. Çünki həmin qəbzlərin ikinci nüsxəsi də çıxarmaq mümkündür. Və ya mümkündür ki, evdə hər hansı şəxs bunu sizdən öncə həyata keçirsin. Amma bu hallardan heç biri baş verməyibsə, texniki problem yaşana bilməz“.

Problemin qarşısını almağın yeganə yolu isə əldə etdiyiniz qəbzi dərhal tətbiqlər vasitəsi ilə sistemə daxil etməkdir. Lakin kimsə sizin vaxt boşluğunuzdan istifadə edibsə, bu halda hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz. Bu istənilən halda sizin tam haqqınızdır.

Onu da bildriək ki, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni, nağd ödənişlərdə isə 10%-ni təşkil edir.

 

Nərmin Murad

Kamran Namazov

APA TV

 

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR