Dövlət büdcəsinə vergidən nə qədər vəsait daxil olub?

# 19:34
10 fevral 2023

İqtisadiyyat Nazirliyinin inzibati binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfrans keçirilib. Konfransın açılış mərasimində ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Ulu Öndər haqqında film nümayiş etdirilib.

 

Daha sonra Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin təklifi ilə Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi də bir dəqiqəlik sükutla yad olunub.

 

Xidmət rəisi ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlara nəzər salıb. O bildirib ki, Azərbaycanın müasir vergi sisteminin fundamental əsasları da Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə qurulub. Sonrakı dövrdə isə məhz bu konseptual yanaşmanın dövlət başçısı İlham Əliyev tərəfindən inkişaf etdirilməsi nəticəsində vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, eyni zamanda, ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmləri ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməyə başladığını diqqətə çatdırıb.

O, 2022-ci ildə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolmasının təmin edildiyini və bunun 2021-ci il ilə müqayisədə 82,2 faiz çox olduğunu bildirib.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında qeyd edib ki, vergi yığımlarının artmasının səbəblərindən biri də vətəndaşın dövlətə olan inamıdır. Bu inamın əsasında isə dövlət başçısının apardığı siyasət dayanır.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemi son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında əsaslı modernizasiya prosesi keçib, maddi-texniki bazası genişləndirilib, vergi inzibatçılığı texnoloji cəhətdən əsaslı surətdə yenidən qurulub.

 

Konfrans işini “Heydər Əliyevin müasir vergi sisteminin formalaşdırılmasında rolu və iqtisadi siyasət sahəsində fəaliyyəti”, “Müasir vergi siyasəti: biznes-dövlət münasibətləri və beynəxalq trendlər” və “İşğaldan azad edilmiş ərazilərin bərpası: vergi siyasəti təşviq aləti kimi” mövzularında sessiyalarla davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR