Dövlət Komissiyası Gədəbəyin Söyüdlü kəndində sakinlərlə görüş keçirib

# 20:25
22 iyun 2023

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri kənd sakinləri ilə görüşüb. Sakinlərin əsas tələbi iyunun 20-də aksiyaya cəhd zamanı saxlanılan kənd sakinlərinin azad edilməsi, ikinci gölün yaradılmaması, habelə müəssisədən birinci gölə zəhərli maddələrin axıdılması nəticəsində sakinlərin sağlamlığına və ətraf mühitə ziyan vurulmasının qarşısının alınması ilə bağlı olub. Komissiyanın sədri Muxtar Babayev sakinlərə bildirib ki, ikinci gölün yaradılması nəzərdə tutulmur. O, mövcud istehsalat sahəsinin isə fəaliyyətinin araşdırılacağı, hər hansı zərər varsa, onu minimuma endirmək üçün tədbirlər görüləcəyini bildirib. Bildirilib ki, yaradılan monitorinq qrupu kənd ərazisindəki müəssisənin fəaliyyətini araşdıracaq, ekologiyaya və ətraf mühitə təsiri müəyyən olunacaq, müəssisənin kənd əhalisinə qarşı sosial məsuliyyətinin artırılması istiqamətində addımlar atılacaq. Qeyd olunub ki, həm süni gölün özündən, həm də ətrafında yerləşən təbii su mənbələrindən nümunələr götürüləcək. Kəndlilərin həyətyanı sahəsində məhsuldarlığın aşağı düşməsi şikayəti ilə bağlı torpaq nümunələri də analiz olunacaq. Sakinlərin kənddə onkoloji xəstəliklərin artması barədə şikayətinə isə komissiyanın üzvü, səhiyyə nazirinin müavini Nadir Zeynalov ölkə üzrə və son 10 ildə Gədəbəy rayonu üzrə olan statistikanı təqdim edərək, ciddi nəzərə çarpacaq artım müşahidə olunmadığı qeyd edib. Sakinlərin müəssisə tərəfindən havaya zəhərli maddələrin buraxıldığı barədə iddialarına cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki, sözügedən müəssisədə havaya hansısa tullantıların buraxılması ilə müşayiət olunan proses həyat keçirilmir. Görüşdə o da vurğulanıb ki, aksiyaya cəhd zamanı saxlanan kənd sakinlərinin azad edilməsi üçün məsələyə baxılması ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq. Sonda Muxtar Babayev bildirib ki, aparılan monitorinqlərin nəticəsi olaraq hesabatlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq, nəticə barədə ictimaiyyətə və kənd sakinlərinə məlumat veriləcək. Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR