Döyüb pul tələb etdilər, gecə saat 5-də söhbətə çağırdı və... - Astarada film kimi hadisə

# 18:57
7 yanvar 2023

Astarada rayon sakinindən hədə-qorxu yolu ilə pul tələb edən şəxslər saxlanılıb.

Astara rayon sakinləri Rəşad Bağırov, əvvəllər məhkum olunmuşlar Anar Əliyev, Asif Vəliyev və Yusif Kərimov Astara şəhər sakini olan bir nəfəri yaşadığı evin qarşısında avtomobilə əyləşdirərək Rəşad Bağırovun yaşadığı evə aparıblar. Orada onu döyərək və hədə-qorxu gələrək 10 min manat pul tələb ediblər. Daha sonra isə həmin məbləği gətirməsi üçün sərbəst buraxıblar. Yaşadığı evə gələn həmin şəxs tanışı, Astara rayon sakini Rəşad Məlikova zəng vuraraq kriminal aləmə yaxın şəxslər tərəfindən ondan pul tələb edildiyini bildirib. Rəşad Məlikov tanışından hədə- qorxu ilə pul tələb edən şəxslərlə danışaraq gecə saat 5 radələrində Astara şəhəri ərazisində görüş təyin edib və bu zaman onları qorxutmaq məqsədilə özü ilə gətirdiyi  ov tüfəngindən bir neçə dəfə atəş açıb. Həmin şəxslər dərhal hadisə yerindən uzaqlaşsalar da, qısa zamanda polis əməkdaşları tərəfindən saxlanılıblar.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində faktı törətmək şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Faktla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.


Saxlanılan Rəşad Bağırov, Anar Əliyev, Asif Vəliyev, Yusif Kərimov və Rəşad Məlikov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR