Dünyanı heyran edən azərbaycanlı qardaşlar

# 11:55
20 dekabr 2022

Altı yaşlı pəhləvan İbrahim Abdulhüseynov dişləri ilə 10 kiloqramlıq çəki daşını qaldırır, şüşə qırıntıları üzərində uzanır, iki tondan ağır avtomobili dartır və başqa çətin nömrələrin öhdəsindən asanlıqla gəlir. Bu kökdən gələn gücün, Abdulhüseynovlar nəslinin pəhləvanlıq ənənəsinin göstəricisidir.

 

Adları “Ginnesin rekordlar kitabı”na düşməyə namizədlərin sırasına daxil edilən qubalı pəhləvanlar Laçın və Hüseyn Abdulhüseynovların övladları da babalarının mirasını yaşatmaq yolunda addımlayır.

 

Bu nəslin ilk tanınmış pəhləvanları Əli və Qəmbər qardaşları olub. Əli Abdulhüseynov Dağıstanın xalq pəhləvanı adını qazanıb. Keçmiş sovet dönəmində Əli və Qəmbər qardaşları bütün ittifaq respublikalarında çıxışları ilə tanınıb.

 

Müstəqillik dövründə isə Laçın və Hüseyn Abdulhüseynovlar Azərbaycanın məşhur el sənətini bütün dünyada tanıtmağa nail olublar. Bir-birinin ardınca rekordları yeniləyən qardaşlar dünyanın 24 ölkəsində yarış və televiziya şou proqramlarında çıxış ediblər. 2017-ci ildə qubalı pəhləvan qardaşlar Amerika Birləşmiş Ştatlarının “America's Got Talent” teleşousunda iştirak edərək amerikalı tamaşaçıları da öz qeyri-adi nömrələri ilə şoka salmağı bacarıblar.  Abdulhüseynov qardaşları Türkiyədə, Rusiyada, İtaliyada, Ukraynada, Gürcustanda, Kolumbiyada, Rumaniyada və bir çox başqa ölkələrdə qeyri-adi istedada malik insanların çıxış etdiyi şou proqramlarında yaddaqalan çıxışlar ediblər. Onların bir çox nömrələri ekspertlər tərəfindən efir üçün təhlükəli olaraq dəyərləndirildiyi üçün yayımlanmayıb.

 

Laçın qeyri-adi üsulla göz nahiyəsində 33 kiloqram ağırlığı qaldırmaq, kəsici-deşici aləti boğaz boşluğuna söykəməklə avtomobil itələmək və heç bir qoruyucu vasitə olmadan biləyi üzərindən 2 tonluq maşını keçirməklə dünya rekorduna imza atıb. Onun qardaşı Hüseyn isə boğaz boşluğunda 33 kiloqram daş asmaqla, ayaqları üzərindən 3,4 ton ağırlığında avtomobili keçirməklə fərqlənib. Qubalı qardaşlar doqquzqat dünya rekordçularıdır.

 

Hazırda Abdulhüseynovlar ailəsinin daha 5 üzvü pəhləvanlığın sirlərini öyrənir. İbrahim, Kənan, Əli, Emil və Cavid yaşlarının az olmasın baxmayaraq bir çox rayon tədbirlərində, yarışlarda qüvvələrini sınayıblar.

 

Pəhlavanlardan ən kiçiyi Laçın Abdulhüseynovun oğlu İbrahimdir. Altı yaşlı İbrahim atası və babası kimi güclü və məşhur pəhləvan olmaq istəyir. Ən xoşladığı nömrə isə avtomobil dartmaqdır. İbrahim artıq dörd yaşı olanda çəki daşları ilə məşq etməyə başlayıb.

 

Təqdim olunan nömrələrin bir çoxu uşaqlar üçün riskli olduğundan davamlı məşq və diqqət tələb edir. Uşaqlar xüsusi texnikanı qavramadan təhlükəli nömrələrin icrasına icazə verilmir.

Abdulhüseynovlar pəhləvanlıq ənənəsini davam etdirmək, nəsildən-nəslə ötürərək el sənətini yaşatmaq arzusundadırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR