Düşməndən qorxmadı, son günə kimi evini tərk etmədi

# 18:53
29 sentyabr 2021

Azərbaycanın haqq savaşının üçüncü günü... Azərbaycan üçün gələcək, işğalçı Ermənistan ordusu və onların himayədarları üçün görəcək hələ qarşıda idi. Savaşın cəmi üç gün davam etməsinə baxmayaraq igid əsgər düşmənə sarsıdıcı zərbələr endirir, onların illərdi qurduğu istehkam sədlərini darmadağın edirdi. Yaşananların qarşısında məyus durumda qalan erməni ordusu, cəbhəətrafı və dərinliklərdə yerləşən yaşayış məntəqələrimizi artilleriya hədəfinə çevirmişdi.

 

Yenə də evlərə mərmi düşdü, təsərrüfata ciddi ziyan dəydi, cəbhənin Ağdam istiqamətində isə iki nəfər ağır yaralandı.

 

İsmayıl Həsənovun 74 yaşı var. Əslən Ağdərə rayonunun Baş Güney kəndindən olan qəhrəmanımız birinci Vətən müharibəsinin iştirakçısıdır. O birinci Qarabağ müharibəsi dönəmində doğma kəndinin sakinlərindən ibarət könüllü müdafiə dəstəsi düzəldib torpaqlarımızın müdafiəsinə qalxıb. Bir neçə uğurlu döyüş əməliyyatına komandirlik edir, İsmayıl Həsənov. Ancaq tale ona köçkün həyatı yaşamağı nəsib edib. Rayonun Baharlı qəsəbəsində məskunlaşan həmsöhbətimizin dediyinə görə, Vətən müharibəsi başlayanda o evini tərk etməyib. Erməninin atdığı mərminin qəlpəsi də onu öz evində yaralayıb: “Evin üstünə şırıltıyla tökülürdü. Biri sola düşdü biri sağa... dörd dənə “snaryad”dan sonra çıxdım çölə. “Blindaj”a getdim çatana yaxın gördüm mərmi gəlir. Səsindən bilirdim hara düşəcək. Yerə yatdım, ancaq çiynim və kürəyimi gizlədə bilmədim. Tutdu ordan... Da “uje” xalaoğlu ilə təzə danışmışdım, telefon üstümdəydi çağırıb dedim ki, məni vurdular”.


İsmayıl Həsənov özünə ilkin tibbi yardım göstərdikdən sonra əraziyə gələn təcili tibbi yardım briqadası onu Ağdam mərkəzi rayon xəstəxanasına aparıb. Xeyli qan itirən,  kürək-çiyin nahiyəsindən ağır yara alan qocanın həyatını xilas etmək mümkün olub. Bundan sonra yaralı Ucar rayon xəstəxanasına göndərilib: “Ucarda bir həftə - on gün yatandan sonra oradan da göndərdilər Göyçaya. Orada da bir xeyli yatandan sonra dedilər səni göndəririk Qəbələyə. Dedim yox, mən getmirəm. Dedilər axı qanın axır kəsilmir. Getməlisən. Dedim yox getmirəm, bu koridora qalan “saldat”lar bizim balamızdı, onların birini göndərin mən evdə müalicə alacam. Mən istəyərdim gedib döyüşlərdə yaralanım, lap şəhid olum, nəyin ki evdə... yenə də Allaha şükür qismət beləymiş...”.
 

Düşmənin törətdiyi heç bir terror aktı xalqın döyüş ruhun sındıra bilmirdi. Amma, düşmən də dayanmır öz iyrənc işinin başından bir an da olsun uzaqlaşmır. Növbəti xəbər Ağdamın Çəmənli kəndindən gəlir. Burada da eyni vəziyyətdir:  Təsərrüfatı ilə məşğul olan 34 yaşlı kənd sakini atılan mərmilərdən birinə tuş gəlir.

 
Erməni terrorundan zərərçəkən Camal Abdullayev hadisəni belə danışır: ”Həmin vaxt heyvanlara baxırdım, gəlib qonşuya düşdü məni vannası vurdu ağaca, ürəyim getdi. Atam məni götürüb getmişdi maşınla Ağcabədiyə, sonra da  apardılar Mingəçevirə Mingəçevirdə xəstəxanada yatdım”.


İki övlad sahibi olan Camal Abdullayev müalicə olunsa da aldığı kəllə-beyin travmasının yaratdığı fəsadlardan hələ də əziyyət çəkir. Başında qalan ağrılar onu mütəmadi həkim nəzarətində qalmağa məhkum edib.

 

 

Elgün Gəncimsoy,
Arzu Quliyev,
APA TV - Ağdam

 


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR