Əfsanəvi sərkərdənin anım günüdür

# 18:22
24 yanvar 2022

O, dəmir atlı cəngavərdir. Onunla nəinki Lənkəran, bütün Azərbaycan qürur duyur. Söhbət 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adını alan yeganə azərbaycanlı,  general-mayor Həzi Aslanovdan gedir. Dünyaca məşhur qəhrəmanımızın anım günündə onun əziz xatirəsini yad etmək üçün vaxtilə yaşadığı evdə olduq. Bura doğma Lənkəran şəhərində 53 il əvvəl muzey kimi fəaliyyətə başlayıb. Muzey açılanda Həzi Aslanovun həyat yoldaşı Xavər xanım 10 il muzeyin direktoru olub. 2010-cu ildə əsaslı təmir olunmuş 5 otaqdan ibarət muzeydə 2000-dən artıq eksponat var: bunlardan 336-sı əsas, 1900-ü köməkçi eksponat sayılır. General-mayorun şərəfli döyüş və ömür yolunu əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, görkəmli şəxsiyyətlərin Həzi Aslanov haqqında xatirələrindən bəhs edən materiallar bu muzeydə toplanıb. Muzeyin direktoru Cəmilə Şərifova bildirir ki, muzey 50 ildir ki, fəaliyyət göstərir:“Bu gün biz Həzi Aslanovun anım gününü dərin hörmətlə anırıq, onu qeyd edirik. Həzi Aslanovun ev muzeyi düşünürəm ki, həm də bir qəhrəmanlıq məktəbidir. Bura hərbi tarixin uşaqları gələcək nəslə öyrədir, həm də Həzi Aslanovun davamçıları sayılır. Bugünkü 44 günlük müharibənin qəhrəmanları həm də Həzi Aslanovun davamçıları sayılır.” 

Həzi Aslanovun möhtəşəm döyüş yolu hər bir azərbaycanlı üçün ən gözəl örnəkdir. O, misilsiz sərkərdəlik bacarığına, cəsurluğuna görə dünya hərb elmi tarixinə qızıl hərflərlə adını yazdıra bilib. Volqa çayından Baltik dənizinə qədər çox şücaətli döyüş yolu keçib və İkinci dünya müharibəsində göstərdiyi şəxsi igidliyinə görə 3 dəfə "Qırmızı bayraq", 2 dəfə "Qırmızı ulduz", "2-ci dərəcəli Suvorov", "1-ci dərəcəli Vətən müharibəsi", "Aleksandr Nevski" ordenləri ilə və medallarla təltif olunub. Tarixçi Zamin Baxşıyev ona iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi barədə danışır:  “Həzi Aslanovun vəfatından 47 il sonra Musa Bağırov Həzi Aslanovun döyüş yolunu araşdırmış və ona 2-ci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsini müəyyən etmişdir. O, Sovetin sonuncu rəhbəri Mixail Qarbaçovun yanında olmuş və onun keçdiyi döyüş yolu haqqında ətraflı məlumat vermiş, araşdırmalarını təqdim etmişdir. 1991-ci ildə ölümündən 47 il sonra Həzi Aslanova 2-ci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.” 

Tarixçinin sözlərinə görə, Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyada müəmmalı şəkildə dünyadan köçür: “O, cəbhə xəttində yoxlama apararkən açılan atəş nəticəsində ağır yaralanmışdır və aldığı yara çox dərin olmamasına baxmayaraq qan itirməsindən dünyasını dəyişmişdir. 35-ci həkim sanitar xidmətinin komandiri mayor Beqişvili ona donorluq etmişdir, ona qan köçürmüşdür, lakin buna baxmayaraq erməni generalı Baqramyanın xüsusi tapşırığı ilə Həzi Aslanov və onun ardınca gedən həkim briqadası qəsdən gecikdirilmiş və qan itkisindən tamamilə həyatdan köçəndən sonra Həzi Aslanovun nəşi Moskvaya aparılmışdır.” 

Həzi Aslanovun hərb tariximizdəki xidmətləri illər keçsə də, unudulmayacaq.

Tural Kərimov

Rövşən Əzimov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR