Əmək qabiliyyətini itirən şəxsə niyə əlillik təyin edilmir?

# 18:49
24 sentyabr 2021

Ağstafa rayon sakini 44 yaşlı Samir Quliyev ötən il avtomobil qəzasına düşüb. Onun idarə etdiyi avtomobil qarşıdan gələn yük maşını ilə toqquşur. Yanındakı sərnişin yerindəcə ölür, avtomobildə sıxılı qalan Samiri isə çətinliklə çıxarırlar: “Çox bərbad vəziyyətdə idim. Pedalların arasından ayaqlarımı çıxartdılar. Birinci əməliyyat etmədilər. Çünki komada idim. Sonra komadan ayıldım və “City Hospitalda “ məni əməliyyat etdilər. Bir də ayıldım ki, dəmirlər ayağımdadır. Hazırda heç bir əmək qabiliyyətim yoxdur, 10 aydır ki, yataq vəziyyətindəyəm”.

Samir Quliyev də qəzaya qədər hər bir normal insan kimi işləyib ailəsini dolandırıb. İndi isə hərəkətsizliyə məhkum olan ata 3 övladının nə məktəb, nə də dolanmaq xərclərini ödəyə bilir: “3 övladım var. Balacamın 3 yaşı var. Burda müalicə olunduğum üçün kirayə ev tutmuşam. 300 manat kirayə pulu verirəm. Məni təcili yardım avtomobili aparıb gətirir. Buna görə də 200 manat onlara pul ödəyirəm. Xəstəxanaya gedib gəlməyim 600 manata başa gəlir”.

Samir Quliyev qeydiyyatda olduğu Ağstafa rayonunda əlilik almaq üçün müraciət etdiyini deyir. Həkimlərdən xəstəliyi haqqında epikriz aldıqdan sonra sənədləri Bakıya göndərirlər. Tibbi Sosial Ekspertiza və reabilitasiya alt sistemindən ona əlilliyindən imtina edilməsi haqqında məlumat gəlir.

 

Məsələ il bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Agentliyin həkim eksperti Telman Cəfərov əlillikdən imtinaya səbəb kimi müalicə müddətinin yetərsiz olduğunu deyir: “Bu xəstə qapalı kəllə beyin travması, bud-baldır sümüklərinin, diz qapağının sınığı ilə nəticələnən ağır müştərək travma alıb. Bud sümüyü osteosintez olunub. Baldır nahiyəsinə yelzarov aparatı taxılıb. Lakin xəstəyə, əlillik müalicə müddəti tam başa çatandan, metal konstruktorlar demantaj olunandan sonra, bərpa müalicəsindən sonra əlilliyə əsas verən əlamətlər qaldıqda göndəriş rəsmiləşdirilə bilər”.

Yatağa məhkum qalan Samir Quliyevin yeganə istəyi sağlamlığına qovuşana qədər əlilliyini alıb 3 övladının və ailəsinin dolanışığına dəstək ola bilməkdir.

 

Fatma Zahidqızı,

Musa Qulammirzəyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR