Emin Əmrullayev: “100 mindən artıq uşaq STEM layihələrinə cəlb ediləcək”

# 14:50
22 sentyabr 2021

“STEM mərkəzi təhsilimiz üçün vacib olan istiqamətlərdən biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə məktəblərdə innovativ layihələrin artırılmasına yönəlmiş bu təşəbbüs əsasən iki istiqamətdə aparılır”.

 

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

 

O bildirib ki, birinci istiqamət 300-ə qədər məktəbə avadanlıqların verilməsi və şagirdlərin STEM dərslərinə qoşulması ilə bağlıdır. Bunun sayəsində 100 mindən artıq uşaq STEM layihələrinə cəlb ediləcək: “Eyni zamanda Azərbaycanın 15 müxtəlif bölgəsində, o cümlədən bu gün Gəncə də daxil olmaqla STEM mərkəzləri qurulur, bu mərkəzlər regional xarakter daşıyır. Yəni Gəncənin yalnız bir məktəbi deyil, digər məktəbləri də layihələrə qoşulacaq. Artıq Şirvan, Quba, Gəncə mərkəzləri istifadəyə verilib. Bu günlərdə Sabirabad, Ağdam, Bərdə, İsmayıllı bölgələrində də STEM mərkəzləri istifadəyə veriləcək.”

 

Eyni zamanda nazir bildirib ki, hazırda Şəki şəhərində mərkəzin açılması üzərində iş gedir.

 

Nazir həmçinin təmirə ehtiyacı olan məktəblərlə bağlı məsələyə də toxunub. O qeyd edib ki, məktəblər təmir olunarkən bəzi meyarlar nəzərə alınır: “Hər bir rayonda olan məktəblərin vəziyyəti ilə bağlı qiymətləndirmə aparılır. Dediyim kimi, meyarın biri məktəb binasının mövcud vəziyyəti, ikincisi, həmin məktəbdə şagird sayı, yəni bacardığımız qədər daha çox şagirdi əhatə etməyə çalışırıq. Bunun da obyektiv səbəbi var. Nəhayət üçüncü meyar, bütün məktəblərə eyni bölgədə deyil, növbəli əsasda hər bölgədə heç olmasa bir məktəb olmaqla ardıcıllıqla, müvafiq dövlət proqramları çərçivəsində məktəblərin təmiri və tikintisi işlərini aparırıq.”

 

Nazir həmçinin qeyd edib ki, son illərdə 3500-dən artıq məktəb ya əsaslı şəkildə təmir olunub, ya da yenidən tikilib. O cümlədən, təhsil nazirliyi tərəfindən kiçik həcmli modul tipli məktəblər də tikilib şagirdlərin istifadəsinə verilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR