Ən müasir texnologiyalar Bakıya gətirildi - SƏBƏB - APA TV

# 20:13
3 noyabr 2022

Ən müasir texnologiyalar Bakıya gətirildi - SƏBƏB Bakıda Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisi keçirilib. APA TV xəbər verir ki, 3 gün davam edəcək sərginin açılış mərasimində Səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və digər rəsmi şəxslər iştirak edib. Çıxış edən Səhiyyə naziri Teymur Musayev sərginin əhəmiyyətindən danışıb, bu cür sərgilərin tibb sahəsində yeniliklərin öyrənilməsi üçün çox vacib olduğunu vurğulayıb: “Səhiyyə nazirliyi olaraq, tibb ictimaiyyətinin innovativ məhsulların artırılmasına, mütəxəssislərin müasirliyi izlənməsinə, elmi texniki nailiyyətlərin tətbiqinə imkan yaradan, sərgilərin təşkilini yüksək qiymətləndirir və dəstəkləyirik”. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev isə ötən ilə nisbətən icbari sığortanın gəlirlərinin artdığını qeyd edib. Bu cür sərgilərin keçirilməsinin vacib olduğunu bildirib: “Düşünürəm ki, bu kimi ixtisaslaşmış beynəlxalq sərginin aparılması, İcbari Sığortanın qarşısına qoyduğu məqsədə nail olmağa dəstək olacaq. Çünki bu belə bir platformadır ki, burda özəl tibb sahəsində çalışan şirkətlər, dövlət tibb müəssisələri, özəl tibb müəssisələri qarşılıqlı əməkdaşlıq edəcəklər”. Çıxış edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov isə iki illik pandemiya dövründən sonra belə tədbirlərin təşkilinin sevindirici olduğunu vurğulayıb: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Tibbi İnnovasiyalar sərgisi, tibb sahəsindəki innovasiyaların genişləndirmək, yenilikləri təqdim etmək məqsədi daşıyır”. Mərasimdən sonra qonaqlar sərgi ilə tanış olublar. Qeyd edək ki, sərgidə ortopediya, optika və oftalmologiya, pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər, innovativ laboratoriya avadanlıqları və texnologiyaları, farmasevtik avadanlıq, tibbi turizm, yaşlı nəsil üçün məhsullar və texnologiyalar nümayiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR