Ərdəbilli eks deputatın qısa müddətdə bütün KİV-lərdən yığışdırılan şok açıqlaması

# 10:44
29 mart 2023

İranın Azərbaycana qarşı informasiya müharibəsi ölkə daxilində bəzi siyasiləri də narazı salıb. Belə ki, ölkə mediasında İran parlamentinin Ərdəbil vilayətindən seçilmiş sabiq deputatı, azərbaycanlı Nasir Nasirinin molla rejiminin siyasəti ilə bağlı fikirləri dərc olunub. O bildirib ki, sosial şəbəkələrdə Azərbaycan Respublikasına qarşı radikal təbliğat var və bu hücumlar Zəngəzur dəhlizi bəhanəsi ilə edilir. Eks deputat İran hökumətini qınayaraq əli müsəlman azərbaycanlılarının qanına batmış Ermənistanla əlaqələrin gücləndirilməsinə görə də narazılıq bildirib: “Ermənistanın şiələrə qarşı cinayət və qırğınlarla müşayiət olunan işğalına son qoyuldu. Qarabağın böyük hissəsi 44 günlük müharibədə azad edildi. Rusiyanın vasitəçiliyi ilə hər iki hökumət razılaşdı ki, Qarabağdakı ermənilər Laçın dəhlizi ilə Ermənistanla bağlana bilər, Naxçıvanın Azərbaycanla əlaqəsi isə Zəngəzur dəhlizi vasitəsilə qurulmalıdır.”

Sabiq deputat qeyd edib ki, Zəngəzur dəhlizi məsələsində İran öz maraqlarına təhdid və güc yolu ilə deyil, danışıqlar yolu ilə nail olmalıdır. Hətta Zəngəzur dəhlizi ilə İran iddia etdiyi kimi təcrid olunsa da, Türkiyənin regional birlik təklifi çərçivəsində İranla yanaşı, bütün region ölkələri sülh və dostluq içində yaşaya bilirlər. Bunun isə iqtisadi açarı Zəngəzur dəhlizidir. Bu layihə bölgə üçün fürsətə çevrilə bilər.

Nasiri vurğulayır ki, İran qazanc axtarırsa, rasional və ehtiyatlı davranmalıdır. Azərbaycan prezidentinin Xudafərin körpüsündəki çıxışını da xatırladan Nasiri qeyd edib ki, İlham Əliyev Xudafərin körpüsünü dostluq və qardaşlıq körpüsü adlandırdığı halda, İran mediası onun silahla çəkilmiş şəklini yayımladılar. Tehranda Azərbaycan səfirliyinə hücumu axmaqlıq və xəyanət adlandıran Nasir Nasiri vurğulayıb ki, bu kimi addımlar səbəbindən Astara, Biləsuvar və Araz azad zonasının vəziyyəti acınacaqlıdır, Rəşt-Ənzəli-Astara dəmir yolu layihəsi bağlanıb, Ərdəbil azad zonası və Aslandüz limanı istifadəsiz qalıb. Əziyyət çəkən isə xalqdır. O həm də İrandakı milyonlarla türkün ölkənin siyasi fəaliyyətindən uzaq salınmasına qarşı olduğunu vurğulayıb: “Azərbaycandakı və Türkiyədəki səfirlərimizin türkcə bilməyəcəyi qədər 40 milyona yaxın azərbaycanlını dar düşüncə ilə ölkənin siyasi sferasından kənarlaşdıranlar, qardaşlıq sərhədlərini təhlükəyə çevirənlər, kaş ki, Azərbaycana qarşı mövqeyimiz həmişə İranla dost olmağa çalışan cənab Əliyevin mövqeyi kimi olaydı.”

Eks deputat İranın Ermənistan maraqlarına görə Azərbaycandan  uzaqlaşma siyasətinin də mənasızlığını qeyd edib: “Azərbaycan və 100 milyona yaxın əhalisi olan Türkiyə ilə 1200 kilometr qardaş sərhədləri niyə 3 milyon əhalisi olan Ermənistanla 41 kilometrlik sərhədə qurban verilir?! Milli maraqlar axtarırsınız?! Bu balaca sərhəddə nə işiniz var ki? 1200 km qardaşlıq sərhədlərini itirsək, bu 41 km-i də itirəcəyimizə əmin olun.”

Onu da qeyd edək ki, yazı “İran Diplomacy” adlı təhlil saytında dərc edildikdən sonra əksər KİV-lərdə yayımlanıb. Bir neçə saat sonra isə demək olar ki, bütün saytlardan silinib. Məqalənin saytlardan molla rejimi tərəfindən silindirldiyi güman edilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR