Ermənistan Bakıdakı parkı bağlatmaq istəyir - Məhkəmələr şikayətini rədd edir

# 16:46
5 noyabr 2022

“Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. 30 il yaşayış olmayan ərazilərdə bərpa-quruculuq işləri aparılır. Belə bir dövrdə hansısa üçüncü tərəflərin təxribatyönümlü addımlar atması və ya onların təsiri ilə qarşı tərəfin nəsə etməyə çalışması, destruktivlik nümayiş etdirməsi yolverilməzdir, qəbuledilməzdir”.

 

Bunu xarici işlər naziri Ceyhun Bayramov XİN-də 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə deyib. Nazir bildirib ki, Azərbaycan buna yol verməyəcək: “Azərbaycan bütün təxribatların qarşısını qətiyyətlə alacaq. Bizim strategiyamız bəllidir, biz beynəlxalq hüququn prinsiplərinə və normalarına uyğun olaraq, qarşılıqlı ərazi bütövlüyünün tanınması və ona hörmət edilməsi ilə əməkdaşlığın qurulmasını istəyirik və bu istiqamətdə işləməyə davam edəcəyik”.

 

Azərbaycanın sülh gündəliyinə sadiqlik nümayiş etdirdiyini deyən nazir həmçinin qeyd edib ki, bu istiqamətdə danışıqların davamına ehtiyac var və Azərbaycan buna hazırdır: “Amma təəssüf ki, prosesin ləngiməsi müşahidə olunur. Ermənistan tərəfindən normalaşmaya qarşılıq verilmir, biz ciddi əməli addımların atılmasını görmürük. Üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq, ərazilərdən hələ də tam olaraq erməni birləşmələri çıxarılmayıb, mina təhlükəsi qalır və bununla bağlı Ermənistan tərəfindən dəqiq xəritələr tam təqdim olunmayıb. Bu ilin yayında aşkar olunub ki, Ermənistan Laçın ətrafında minalar yerləşdirib. Bu da Ermənistanın təxribatının davam etməsinin sübutudur”.

 

Daha sonra çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, beynəlxalq məhkəmələrdə Ermənistana qarşı beynəlxalq hüquqi müstəvidə addımların atılmasına başlanılıb. O, 2021-ci ilin yanvarında Azərbaycan tərəfindən Ermənistana qarşı Avropa Məhkəməsində ilk iddianın qaldırıldığını xatırladıb. Vurğulayıb ki, bu iddiada Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın hərbi cinayətləri əksini tapıb. 2021-ci ilin iyununda isə ikinci şikayət verilib ki, onun da predmeti minalarla bağlıdır: “Minalarla bağlı işin davam etdirməsi ilə bağlı yenidən əlavə şikayət verilib və bu iki şikayət birləşdirilib birgə baxılacaq. Hazırda iş prosedur mərhələsindədir. İddianın mümkünlüyünə baxılacaq”.

 

Elnur Məmmədov diqqətə çatdırıb ki, yay aylarında məhkəmə iki tərəfə sorğu göndərib və yaxın günlərdə bu sorğuya cavab veriləcək: “Həm Avropa məhkəməsində, həm də Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan tərəfindən də Azərbaycana qarşı cəfəng iddialar irəli sürülüb. Azərbaycan ərazilərinə icazəsiz daxil olan təxribatçı qruplaşmanın üzvlərini Ermənistan hərbi əsirlər adlandıraraq beynəlxalq platformalarda Azərbaycana təzyiq göstərməyə çalışıb. Azərbaycan bununla bağlı dinləmələr zamanı öz mövqeyini faktlarla təqdim edib. 2021-ci ilin 7 dekabrında Ermənistanın bu vəsatətlərindən biri ləğv olunub”.

 

Nazir müavini Hərbi Qənimətlər Parkının bağlanması məsələsi ilə bağlı Ermənistanın məhkəməyə müraciət etdiyini xatırladıb və bildirib ki, məhkəmə Azərbaycanın mövqeyini dəstəkləyərək bu vəsatətləri rədd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR