Ermənistana göz yumur, Azərbaycana şər atır - Qərbin istədiyi nədir?

# 20:56
18 may 2022

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə və Azərbaycanla bağlı mövqeyindəki siyasi korrektələr ölkədəki müxalifləri daha da aktivləşdirib. Artıq 2 aya yaxındır ki, hər gün paytaxt İrəvanda aksiyalar keçirilir. İrəvan polisinin yerli mediaya açıqlamasında bildirilib ki, təkcə mayın 18-də 100-ə yaxın vətəndaş saxlanılıb. Ümilikdə isə mediada 500-dən çox müxalif fəalın və aksiya iştirakçısının saxlanıldığı vurğulanır. Yerli mətbuatın verdiyi xəbərə görə, polis etirazçılara qarşı çox sərt davranır. Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, üstəlik, aksiyaları işıqlandıran onlarla media nümayəndələrinə qarşı da zor tətbiq olunub, hətta birinin qolu qırılıb.

Maraqlıdır ki, beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən, səfirliklər İrəvandakı vəziyyətlə bağlı heç bir mövqe bildirmirlər. Xüsusən də, nə İngiltərə səfirliyi, nə də ABŞ Dövlət Departamenti. Marağımızın qaynağı təbiidir. Mayın 14-də Bakıda keçirilən dinc aksiya ilə bağlı təşkilatçıların özləri belə pozitiv mövqe bildirdikləri halda, İngiltərənin Azərbaycandakı səfirliyi etirazçılara qarşı kobud rəftar olunduğunu iddia etdi. Bununla bağlı səfirliyin sosial şəbəkə hesablarında paylaşılan postda “dinc etiraz aksiyasının dağıdılması” kimi ifadələrə yer verildi.

ABŞ Dövlət Departamenti isə Azərbaycanı insan haqlarına hörməti təmin etməyə çağırdı.

Bir daha qeyd edək: Bakıda keçirilən aksiyanın iştirakçıları və təşkilatçılar onlara qarşı hansısa zorakılığın olmadığını deyirlər.

Aksiya ilə bağlı vesti.az saytında dərc edilən məqalədə çox maraqlı bir məqama toxunulub. Yazıda müxalifət lideri Əli Kərimlinin mövqeyi qeyd edilib.

Sitat: “Hətta mütəmadi olaraq iqtidarın ünvanına sərt açıqlamalar verən müxalif AXCP sədri Əli Kərimlinin özü də etiraf etdi ki, həmin gün hüquq-mühafizə orqanlarından sərt hərəkətlər olmayıb”. Sitatın sonu

Daxili İşlər Nazirliyinin hesabatında da aksiyanın insidentsiz keçdiyi, saxlanılanların olmadığı bildirilir. Aksiya iştirakçılarına tədbirin qətnaməsini oxumaq imkanı verilib.

Bəs görəsən, Ermənistanda 2 aydır baş tutan aksiyalara, zorakılıqlara, həbslərə reaksiya verməyən hüquq təşkilatlarının, bəzi Qərb ölkələri səfirliklərinin sıra Azərbaycana çatanda vəziyyətin necəliyindən asılı olmayaraq, öz bildiklərini oxumaqlarının səbəbi nədir?

Azərbaycana qarşı bu cür ikili standartların əsasında nə durur?

Məsələ ilə bağlı APA TV-yə açıqlama verən siyasi şərhçi Tofiq Abbasov bildirib ki, Qərb institutları yaranan hər yeni şəraitdən dividentlər görtürməyə çalışırlar. Buna görə də proseslərə yungüllük, aydınlıq gətirmək əvəzinə, vəziyyətin daha da dolaşıq hal almasında maraqlı olurlar.  O əlavə edib ki, eyni yanaşma təkcə Azərbaycana qarşı sərgilənmir. Postsovet məkanındakı türkdilli ölkələrə qarşı da ikili standartlar tətbiq edirlər.

“Qərbdən gələn münasibətlərə diqqət yetirəndə görürük ki, həqiqətən də onlar prosesləri baş-ayaq formasında təsvir edirlər və onun ətrafında emosiyalar yaradırlar.  Çalışırlar ki, burulğan formalaşdırsınlar. Guya ki, Bakıda iğtişaşlar olub, guya Azərbaycan hakimiyyət orqanları insanlara qarşı zorakılıqdan istifadə ediblər. Əlbəttə ki, bunlar hamısı ilk növbədə məyusluq doğurur, çünki, biri var prosesləri düzgün təhlil edirsiz, heç olmazsa olduğu prosesə münasibətiniz obyektivdir, biri də var ki, xeyr, siz ağı görürsünüz, burada qara təsvirləri önə çıxarırsınız. Və buna hamını inandırmağa çalışırsınız. İctimai qüvvələri inandırmağa ki, guya ki, Azərbaycan paytaxtında böyük bir narazılıq dalğası qalxıb və orada insanlara qarşı güc tətbiq edilir və s.  ”

Tofiq Abbasov onu da əlavə edib ki, bu kimi məsələlərdə təkcə ictimai-siyasi qüvvələr münasibət bildirməməlidirlər. İmkan verməməliyik ki, Qərbin oyunbazlığı bizim obrazımızı ləkələsin.

Maraqlıdır ki, iqtisadi məsələlərdə Azərbaycanı özünün ən etibarlı tərəfdaşlarından sayan Qərb “insan hüquqları”, “demokratiya” adı gələndə qeyri-səmimi olur, real vəziyyəti bir kənara atıb, sırf öz maraqlarına uyğun olanı diqtə etməyə çalışır.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR