Ermənistanı biabır edən sorğu: İrəvan həyəcan içində

# 18:30
9 dekabr 2021

“Gallup” Beynəlxalq Assosiasiyasının Ermənistan ofisinin direktoru Aram Navasardyan ermənilər arasında keçirilən sorğunun nəticələrini açıqlayıb.

Paşinyan komandasının qətiyyən razılaşmadığı sorğunun nəticələri isə biabırçı olub.

“Həyatınızdan razısınızmı” sualına cavab verən ermənilərin 32,4 faizi mənfi cavab verib, 16,9 faizi qətiyyən razı olmadığını, 14 faizi qane olduğunu söyləyib.

Ölkə iqtisadiyyatının hazırkı vəziyyəti ilə bağlı sualı cavablandıran ermənilərin isə cəmi 2,4%-i durumun çox yaxşı olduğunu bildirib.

18,1% "yaxşı", 62,5% isə "orta" olduğunu bildirib.

Aram Navasardyan bildirib ki, bu cavablarin müsbət görünməsi qətiyyən hökumətin fəaliyyəti ilə bağlı deyil. Çünki Ermənistanda dolanışıq insanların qohumlarından, tanışlarından aldıqları köçürmələr və yardımlarla təmin edilir.

Respondentlərin 33,4%-i Baş nazir Nikol Paşinyanın işini bəyəndiyini, 49,4%-i isə bəyənmədiyini deyib. Hökumətin işini isə 60,5% bəyənmir, cəmi 23% razı qalır.

Navasardyan bildirib ki, respondentlərin 7,8%-i hakimiyyətə tam etibar etdiyini, 46,2%-i isə ümumiyyətlə inanmadığını bildirib.

Sorğunun nəticələrini təhlil edən erməni ekspertlər isə söyləyiblər ki, onsuz da dərin iqtisadi böhran içində olan ölkə 44 günlük müharibədən sonra psixoloji uçuruma yuvarlanır. İnsanların ümidi tükəndiyindən xarici ölkələrə köç dalğası daha da böyüyüb. Onların fikrincə, bunun qarşısını almaq üçün hazırda heç bir mexanizm və ya sosial paket mövcud deyil. Bu da göstərilən rəqəmlərin zamanla daha da kritik həddə çatacağından xəbər verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR