Evində ayağını itirənlə savaşda ayağını itirən arasında fərq yoxdur?

# 19:12
1 fevral 2022

“2016-cı il Aprel döyüşlərində Tərtər istiqamətindən döyüşə  başlamışam. Əlimdən gələni vətənim üçün etmişəm. Kəşfiyyatçı olmuşam”.

APA TV xəbər verir ki, bunu Qarabağ qazisi Rizvan Qarayev deyib. Onun sözlərinə görə, 2016-cı ildən sonra 2021-ci ilədək ikinci qrup Qarabağ əlili kimi pensiya alıb: “2021-ci ildən isə qrup üzrə pensiyamı dayandırdılar. Dedilər müddətli əllillik təyin ediblər. Öz rayonumuzda kimissiya təyin etmişdi qrupumu. Axı ayağım yoxdu, bu müddət necə bitə bilər? Gəlirəm Bakıya komissiyaya deyirəm ki, bu necə ola bilər? Deyirlər get 15-20 günə düzələcək. Qayıdıram rayona aylar ötür məlum olur ki, 2-ci qrupu ləğv edib , mənə 3 –cü qrup əllilik dərəcəsi təyin ediblər”

Hacıqabul rayonundan olan Qarayev Rizvan Famil oğlu deyir ki, 2016-cı ilin Aprel döyüşləri zamanı bir ayağını itirib, bir ayağında isə qəlpələr qalmaqdadır.

Müharibə iştirakçıları arasında Rizvan Qarayevin taleyini yaşyan qazlərimiz nə birdir, nə də beş. Torpaqlarımızın azadlığı uğrunda ayağını dizdən aşağı itirən qəhrəman qardaşımız deyir ki, haqqı olan əllillik təyinatını ondan əsirgəyirlər.

Ona vəziyyətinə görə, 5 il müddətinə II qrup əlillik təyin olunub. Lakin həmin müddət tamam olduqdan sonra əlillik təyinatının dərəcəsi dəyişdirilib: “6 aydır 1 qəpik pul almıram. 3-cü qrupu heç istəmirəm. Ailəliyəm, 1 oğul övladım var. Mənim halal olan haqqımdı axı bu təyinat. Qrupu təyin edən Hacıqabuldakı komissiyadır. Mən onu yerində tapa bilmirəm. Nazirliyə gedirəm, deyirlər get keçdiyin yerə müraciət et. Düşünürəm, məhkəməyə şikayət də edəcək. Haqqından dalınca sona qədər gedəcəm”.

Qazi çətin vəziyyətdə olduğunu, ödənişinin kəsilməsi səbəbindən kredit borclarının də yığıldığını bildirir.

Şikayətlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Məlum oldu ki, TSEK tərəfindən qazinin əlilliyi yanlış təyin edilib. ​

Agentliyin mətbuat  katibi Tural Qurbanov APA–nın sorğusuna cavab olaraq bildirdi ki, Hacıqabul rayon sakini Qarayev Rizvan Famil oğlu 2016-ci ildə Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinə olunarkən həmin dövrdə müvafiq ərazi TSEK tərəfindən onun əlilliyi müddətsiz (ömürlük) təyin edilməli olduğu halda, yanlış olaraq müddətli, yəni 5 il müddətinə təyin edilib:

“Bu günlərdə R.Qarayevin əlillik müddəti başa çatdığı nəzərə alınaraq ona müddətsiz (ömürlük) əlillik təyin edilib”. 

Ötən il qanunvericiliyə edilmiş humanist dəyişikliyə əsasən, təkrar əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən 6 ay ötməmiş təyin edildikdə ötürülmüş müddət əlillik dövrü hesab edilərək həmin müddət üzrə də əlilliyə görə sosial ödənişlər verilir. 

Rizvan Qarayevə də əlillik əvvəlki əlillik müddəti bitdiyi tarixdən rəsmiləşdirilib. Yəni, Rizvan Qarayev müharibə əlili kimi ödənilən bütün sosial ödənişlərini həmin vaxtdan hesablanmaqla alacaq".

Qazinin ll qrup əlillik təyinatının niyə lll qrupa dəyişdirilməsini isə Tural Qurbanov belə izah edib:

“Əlillik dərəcəsinə gəldikdə isə, həm milli, həm də ümumən beynəlxalq əlillik meyarlarında sol baldırın aşağı 1/3-i səviyyəsində amputasiyası 3-cü dərəcə əlillik təyinatını nəzərdə tutur”.

Məsələyə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin də fikrini öyrəndik. “Ölkəmizdə son illərdə əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı çox saylı narazılıqlar müşahidə olunur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Əvvəlki zamanlarda saxta əlilllik dərəcələrinin verilməsi ilə bağlı 100 belə təyinat ləğv  olunmuşdu. Onlar dövlətdən qanunsuz maliyyələşirdilər. Bunların qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilərkən haqqı olan insanların da haqqının pozulmasının şahidi oluruq. Bu da artıq tək-tək hallar deyil, artıq onlarladır. Əlillik meyyarının müəyyyən edilməsində müəyyən çatışmazlıqlar müşahidə olunur”

Çingiz Qənizadənin sözlərinə görə, bunu bəzən qanun çərçivəsində etdiklərini deyirlər: “Son dövrlər bu qanunvericikliklə bağlı o qədər dəyişiliklər olur ki,bunu izləmək və baş açmaq mümkün deyil. Amma haqqı olan insanların əllilik dərəcələrinin aşağı salınması və yaxud da ümumiyyətlə kəsilməsi sosial narazılıqdır. Hesab edirəm ki, bu halların təcili qarşısı alınmalıdır. Ümumiyyətlə əlillik dəərcələri təyin olunarkən bədəninin hansısa hissəsi amputasiya olunması və bunun santimetr millimetrlə ölçülməsi başa düşülən deyil. Bu necə ola bilər ki? Topuqdan aşağı bir dərəcə, topuqdan yuxarı digərə dərəcə?Bu ayrıseçkilik və fərqliliyin qoyulması insanın ciddi narazılığına səbəb olur. Bu meyyarları kim hansı əsaslarla gündəmə gətirib? Kim qanunvericiiyə tətbiq edib? Dünyanın hansı ölkəsinin təcrübəsinə istinad olunub?”

Çingiz Qənizadə onu da söylədi ki, vətən uğrunda vuruşmuş və fiziki sağlamlığını itirmiş insanlarla, əmək fəaliyyəti ilə məşğul olarkən sağlamlığını itirmiş şəxslər arasında mütləq fərq qoyulmalıdır. Onun fikrincə, bu sahədə qanunvericilikdə boşluqlar var və yaranmış problemlərin təcili həlli üçün ilk növbədə bu boşluqlar aradan qaldırılmalıdır.

Sevinc Vaqifqızı,

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR