Əvvəllər bağça olan binada indi ət kəsilir - VİDEO

# 20:50
31 yanvar 2022

Əvvəllər bağça kimi istifadə olunan bu ikimərtəbəli bina indi istifadəsiz qalıb.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Masallının Böyük Xocavar kəndindəki tikili 10 il ərzində bağça kimi fəaliyyət göstərib. 1998-ci ildən tam tərk edilən bu bina baxımsız qalıb və hazırda istifadəyə də yararlı deyil. Bir zamanlar Böyük Xocavar ilə yanaşı Bambaşı, Yeyənkənd, Alvadı, Binə Xocavar kəndlərinin sakinləri də bu bağçadan istifadə ediblər. Köhnə bağçanın vəziyyəti göz qabağındadır. 20 ildən çoxdur ki, Böyük Xocavarda yaşayan valideynlər məcbur olub uşaqlarını kəndlərindən uzaq olan bağçalara aparırlar, bu da kifayət qədər yorucu və xərc tələb edən məsələdir.

Bu görüntüləri də keçmiş bağçada çəkmişik. İstifadəsiz qalan binanın içində məskunlaşmış sakinlər var və toyuq kəsimi ilə məşğul olurlar. Bu dırnaqarası sexdə kustar üsulla kəsilən toyuqlar antisanitar şəraitdə saxlanılır. Bu mənzərə ilə bağlı tutarlı cavab ala bilməsək də, "Bağça binası niyə bu vaxta kimi təmir edilib istifadəyə verilməyib?" sualına cavab tapa bildik. Masallı RİHB-in Bambaşı kənd ərzi nümayəndəsi Həbib Həbibov bildirdi ki, təmir planına salınmışdır:  “Bizim bağçamız 1984-cü ildə istismara buraxılmışdır. 1998-ci ildə istismar tam dayanmışdır. Belə ki, bağçamız 140 yerlik olub. Orada sonradan müəyyən məsələlərlə bağlı hansı ki, bizim məcburi köçkünlülərimiz gəlib, məskunlaşmışdılar. 10-15 il yaşadıqdan sonra bina yararsız hala düşmüşdür. Vətəndaşların narazılıqlarını nəzərə alıb məktub göndərmişik. Gələcəkdə təmir plana salınmışdır.”

Belə görünür ki, binanın taleyi sual altında qalmağa davam edəcək. Belə vəziyyətdə isə Böyük Xocavar kəndində yaşayan balacalar məktəbəqədər hazırlıqdan, təlim-tərbiyədən məhrum qalacaqlar. Sakinlər isə deyir ki, ümid uzaqdakı bağçalara qalır. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR