Fərqlənmə nişanı olmayan taksi sürücələri cərimələndi - APA TV

# 12:46
29 oktyabr 2022

Bakıda qanunsuz sərnişindaşıma və parkinqlə bağlı növbəti reyd keçirilib.

 

APA TV xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, Bakı Şəhər Baş Dövlət Yol Polisi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birlikdə keçirdiyi bu dəfəki reyd Qara Qarayev prospektində, metronun Xalqlar Dostluğu stansiyası yaxınlığında baş tutub.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev APA TV-yə bildirib ki, reydin keçirilməsində əsas məqsəd yol hərəkəti iştirakçılarının, xüsusi ilə də taksi sürücülərinin maarifləndirilməsidir: “Reyd zamanı taksi sürücüləri saxlanılaraq onlara öhdəlikləri, vəzifələri, qanunvericiliyin tələbləri izah olunmuşdur. Və onların diqqətinə çatdırılmışdır ki, taksi fəaliyyəti ilə məşğul olmaları üçün mütləq şəkildə Bakı Nəqliyyat Agentliyindən minik avtomobilləri üçün fərqlənmə nişanı almalıdırlar. Müvafiq vergini ödədikdən sonra bu fəaliyyət ilə məşğul ola bilərlər. Və eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan zaman avtobus dayanacaqları məntəqələri ərazisində, ümumiyyətlə nəqliyyat axınına maneə olan yerlərdə nəqliyyat vasitələrini saxlamasınlar”.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat üzrə İnspektoru Rüstəm Əhmədlinin sözlərinə görə, sürücülər taksi fəaliyyəti ilə məşğul olmağa başlamazdan öncə lazımi sənədlər əldə etməlidirlər: “Məqsəd qanunsuz fəaliyyət göstərən taksi sürücülərinin müvafiq sənədlərinin yoxlanılması və onlarla maarifləndirici söhbət aparmaqdır. Bir daha bu fəaliyyətlə məşğul olan şəxslərdən xahiş edirik ki, müvafiq sənədləri qaydasına qoymaqla bu iş prinsipini həyata keçirsinlər”.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin böyük dövlət müfəttişi Rəhman Hüseynov isə qeyd etdi ki, reydlər zamanı sürücülərə qanunla nəzərdə tutulan qaydalar bir daha izah edilir: “Sürücülərlə bağlı profilaktik söhbətlər aparılır. Onların gələcək fəaliyyətlərində, vergi orqanlarında qeydiyyatda durması, eyni zamanda fərqlənmə nişanı alması və gələcək fəaliyyətlərində bu kimi nöqsanlara yol verilməməsi tərəfimizdən tövsiyə olunur”.

 

Qeyd edilib ki, bu kimi reydlər mütəmadi olaraq davam etdiriləcək.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR