FHN hərəkətə keçdi: Neft-qaz boruları yanğından belə qorunacaq

# 16:55
18 iyul 2022

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi altında Dövlət Neft Şirkətinin aidiyyəti qurumlarının, həmçinin Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə birgə tədbir keçirilib.

 

Gördüyünüz bu ərazi Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsidir. Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə ərazi kol-kosdan təmizlənir. Həmçinin ərazidəki neft-qaz borularının təmir bərpa işləri də davam etdirilir.

 

Tədbirdə bildirilib ki, həmin ərazinin ümumi sahəsi təxminən 90 hektardır. 40 hektar ərazidə yerləşən Mərkəzi Neft Yığma məntəqəsində sahələrdən gələn neftin qəbulu üçün 5 ədəd çən mövcuddur. Bir sözlə, sənaye zonası olmaqla, bilavasitə neft quyularının yaxınlığında yerləşən yaşayış evlərinin mövcudluğu baxımından bu ərazi riskli yaşayış zonası hesab edilir. Ərazidəki neft və qaz nəqli borularının ətrafı qamışlıq, kol-kosdan ibarətdir. Bundan əlavə, yaxınlıqda inşaat işləri aparan şəxslər, yaxud şirkətlər tərəfindən də bu əraziyə tikinti-məişət tullantıları, o cümlədən yanar materiallar da atılıb ki, bu da ərazinin yüksək risk qrupuna aid edilməsinə, real yanğına səbəb ola biləcək hala səbəb olub. Mövcud vəziyyəti qiymətləndirən Dövlət Yanğın Nəzarəti Xidməti ərazilərin təmiz saxlanılması sahəsində cavabdeh olan bütün aidiyyəti qurumların əlaqədar təşkilatlarına qarşı mütəmadi olaraq yanğın təhlükəsizliyinə dair tələblər irəli sürür, o cümlədən inzibati tədbirlər görür.

 

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Aqşin Kazımov deyir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il yanğınların sayında 145 fakt azalma müşahidə edilir: “Bu da faiz etibarı ilə 17.8-dir. Hesab edirik ki, bu ümidverici rəqəmdir”.

 

Bu gündən etibarən Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə əlaqədar qurumların, kommunal təsərrüfat işçilərinin cəlb edilməsi ilə ərazinin kol-kosdan, qamışlıq sahələrindən, tullantılardan təmizlənməsi, neft, qaz nəql edən boruların təhlükəsiz istismar vəziyyətinə gətirilməsi, yaxınlıqdakı yaşayış evlərinin etibarlı mühafizəsi məqsədilə geniş miqyaslı abadlıq işlərinə start verilib. Xüsusilə neft quyuları, mancanaq dəzgahları ilə yaşayış evlərinin mühafizə zonalarındakı quru kol-kos qamışlıq sahələrinin təmizlənməsinə nail olunması məqsədilə rayon kommunal təsərrüfat işçilərinə ilkin olaraq məhz sözügedən sahələrdən işlərə başlanması tapşırılıb. Sonrakı mərhələdə ərazidən keçən kommunikasiya və yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zolaqları yaradılmalı və məişət tullantıları ərazidən kənarlaşdırılmalıdır.

 

Aysel Əliyeva,

Fariz Quluyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR