FHN-i ən çox niyə axtarırlar?

# 18:22
28 fevral 2022

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” Çevik Xidmət Mərkəzinə media-tur təşkil olunub.


APA TV xəbər verir ki, media-turda bildirilib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan xidmətin fəaliyyəti nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən təşkil olunur.


“112” qaynar telefon xətti xilasetmə qurumlarının fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyət göstərən, o cümlədən yanğınsöndürmə, axtarış-xilasetmə, qəza-xilasetmə istiqamətləri üzrə informasiya dəstəyini təmin edən vacib struktur bölmədir. Bundan başqa, “112” qaynar” telefon xətti Nazirliyin digər fəaliyyət istiqamətləri üzrə də telefon müraciətlərinin operativ cavablandırılmasını həyata keçirir.


Xidmətin fəaliyyəti barədə danışan Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini, polkovnik-leytenant Əsmər Salamova bildirib ki, “112” qaynar xətt xidmətinə ölkə ərazisindən sabit və mobil  telefonlardan, həmçinin telefon-avtomatlarından ödənişsiz zəng etmək mümkündür. Həmçinin GSM nömrə blok edildikdə, danışıq kartı, yaxud balans bitdiyi halda da "112" xidmətinə zəng etmək olur. Müraciətlərin qəbulu və cavablandırılması fasiləsiz həyata keçirilir: “Gün ərzində daha çox yanğın təhlükəsizliyi, tikintidə təhlükəsizlik ilə əlaqədar olaraq, eyni zamanda sənaye və dağ mədən işlərində texniki təhlükəsizliyin təmin olunması ilə bağlı müraciətlər edilir. Bununla yanaşı, nazirliyin xilasetmə qurumlarına müraciətlər də “112” qaynar xətt tərəfindən cavablandırılır. Aidiyyəti üzrə ötürmələr dərhal həyata keçirilir”.

 

Əsmər Salamova  deyir ki, gün ərzində təqribən 6-7 min zəng qəbul edilir ki, bu da il ərzində 2 milyondan artıq zəng deməkdir.


“112” qaynar xətt xidmətində çalışanlar gördükləri işin çox məsuliyyətli olduğunu bildirirlər. Burada çeviklik əsas şərtdir. Mərkəzə gün ərzində minlərlə zəng gəlməsinə baxmayaraq, onlar vətəndaşlara xidmət etdikləri üçün qürur duyduqlarını deyirlər.


Media-turda qeyd olunub ki, “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələbləri nəzərə alınaraq, dispetçer-operator heyətinin nəzəri bilik səviyyəsinin artırılması, praktik bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə mütəmadi məşğələlər keçirilir. Xidmət əməkdaşları hər il xarici dil kurslarına cəlb olunurlar.


Semral Cavad,

Xəyal İskəndərov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR