FHN-in Beynəlxalq Axtarış xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

# 12:55
3 sentyabr 2022

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə növbəti taktiki-xüsusi təlim keçirilib.

 

APA TV-nin FHN-in saytına istinadən verdiyi xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin beynəlxalq humanitar əməliyyatlarda ölkəmizi layiqincə təmsil etmək üçün hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də Dəstənin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsindən ibarət olub. Təlim zamanı Dəstənin rəhbəri, FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev təlimin mövzusu, məqsədi və təlim üzrə tapşırıqların icrası zamanı diqqət mərkəzində saxlanılması vacib olan məsələləri qeyd etməklə yanaşı, təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyini diqqətə çatdırıb.

 

2 mərhələdə keçirilən taktiki-xüsusi təlimin birinci mərhələsində Dəstənin humanitar əməliyyatlarda iştirakı məqsədilə hazır vəziyyətə gətirilməsi üzrə tədbirlər yerinə yetirilib.

 

Təlimin ikinci mərhələsində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi üzrə tədbirlərin dəqiqləşdirilməsi, şərti olaraq yaradılmış sərhədkeçmə və gömrük məntəqələrində müvafiq prosedurların həyata keçirilməsi təmin olunub. Hadisə yerində yaranmış şəraitin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin nümayəndələrinin iştirakı ilə axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi uğurla icra olunub.

 

Təlimin sonunda şəxsi heyətin tapşırıqların icrası üzrə fəaliyyəti müzakirə edilib, növbəti təlimlərdə diqqət mərkəzində saxlanılmalı olan məsələlər barədə müvafiq tapşırıqlar verilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR