FHN reydə başladı: Yollarda yaradılan suni maneələr sökülür

# 16:27
4 fevral 2022

Bakıda binaların yaxınlığında süni maneələrin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) tərəfindən qanunamüvafiq tədbirlər görülüb.


APA TV-nin xəbərinə görə, Bakının Nizami rayonu ərazisində binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması halları müşahidə edilir. Bu gün FHN-nin əməkdaşları tərəfindən qanunsuz halların qarşısının alınması məqsədilə reyd keçirilib.


FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Nurlan Qədimov deyir ki, aparılmış qanunamüvafiq tədbirlər nəticəsində operativ nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdıran sözügedən maneələr aidiyyəti müəssisələr tərəfindən demontaj edilərək ləğv olunur: “Belə tədbirlər tərəfimizdən mütəmadi olaraq həyata keçirilir. Bir daha sakinlərdən xahiş edirik ki, xüsusi təyinatlı texnikanın hərəkətinə maneə yaradılmasına yol verməsinlər".
 

Nazirlik nümayəndəsi açıqlamasında bildirib ki, texnikaların hərəkətinə maneə törədən şəxslər və qurumlarla bağlı qanunauyğun protokollar tərtib olunur, cərimələr yazılır. Vətəndaşlardan xahiş olunur ki, bu cür süni maneələrlə rastlaşdıqları zaman müvafiq qurumlara müraciət etsinlər.

 


Semral Cavad
Xəyal İskəndərov
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR