“Fransa hökuməti və parlamentinin mövqeyi qəbuledilməzdir” - Soltan Məmmədov

# 13:56
30 dekabr 2022

“Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin nümayəndələri prezident Makrona müraciət edərək, Azərbaycana qarşı əsassız ittihamlar səsləndiriblər”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib.

Soltan Məmmədov, ötən ay Fransa parlamentinin hər iki palatasında qərəzli sənədlərin qəbul edildiyini xatırladıb.

Onun sözlərinə görə, Fransa parlamentində təmsil olunan şəxslərin başqa bir ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə açıq hörmətsizlik ifadə edən mövqeyi ilk növbədə Fransa hökuməti tərəfindən qınanmalıdır. Təəssüf ki, biz Fransa hökumətinin adekvat reaksiyasını görmədik: “Bu da Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək niyyətində olmadığını sübut edir. Əksinə, Fransa Cənubi Qafqazda gərginlik mühiti yaratmaq, regionda sülhün təmin olunması istiqamətində təşəbbüslərə mane olmaq üçün bütün alətlərdən istifadə etməyə çalışır”.

Soltan Məmmədov bir məsələni də diqqətə çatdıraraq qeyd edib ki, Fransa Milli Assambleyasında artıq Azərbaycanla dostluq qrupu formalaşıb: “Əvvəlki tərkiblə biz çox fəal əlaqələr qurmağa müvəffəq olmuşduq. Fransa parlamentinin üzvlərinin ölkəmizə, o cümlədən, işğaldan azad olunmuş ərazilərimizə səfərləri təşkil edilmişdi. Fransa ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılmasında bu əlaqələrdən maksimum faydalanmağa çalışmışıq. Milli Məclis rəhbərliyinə, şəxsən Sahibə xanım Sizə, ilk günlərdən fəaliyyətimizə verdiyiniz dəstəyə görə işçi qrupunun adından minnətdarlığımı bildirirəm. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizin mövqeyini çatdırmaq üçün Milli Assambleyada yeni formalaşmış dostluq qrupu ilə əlaqələri zəruri sayır və bu istiqamətdə müvafiq addımlar atacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR