Fransalı jurnalist: “Ermənilərin Gəncədə törətdiklərinə söz tapa bilmirəm”

# 16:44
20 may 2021

Fransa Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Gəncəyə səfər ediblər.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

 

Qonaqlara məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. 2020-ci ilin oktyabrın 11-də və 17-də Gəncənin ballistik raketlərlə atəşə tutulması nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

 

Bundan başqa, ötən ilin oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

 

Fransalı jurnalist Karim Ahmed İfrak deyir ki, Fransada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda məlumatlar var idi, bu barədə görürdük, eşidirdik: “Təbii ki, mülkiyə əhaliyə qarşı gördüyümüz terror aktı bizi şoka saldı. Mən həqiqətən bunu ifadə etməyə söz tapa bilmirəm. Əlbəttə, çox şokedici bir haldır. Özünü təhlükəsizlikdə hiss edən ailə gecənin bir aləmi, yatdığı yerdə bomba yağışına tutulub. Ermənilər mülki əhalini, uşaqları öldürüb”.

 

Fransalı jurnalist qeyd edib ki, ölkəsi istər ATƏT-in Minsk Qrupunda, istərsə də diplomatik baxımdan öz bitərəfliliyini saxlamalıdır: “Fransanın bugünkü mövqeyi bütün Fransanın mövqeyi deyil. Burada yaşayan fransızlarla görüşdük, onlar da Fransanın mövqeyinə təəccübləndiklərini bildirdilər. Bütün bunlara rəğmən, onların azərbaycanlı dostları ilə əlaqələri möhkəmdir və Azərbaycanı dəstəkləyirlər. Mən burda olmağımdan şərəf duyuram. Azərbaycanlıların bizi necə qonaqpərvərliklə qarşıladıqlarını gördüm”.

 

KİV nümayəndələri erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin və binaların ətrafına gül düzüb, dualar oxuyublar.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR