Fransanın casus şəbəkəsi Azərbaycanda ifşa olundu – APA TV

# 02:29
23 dekabr 2023

Dünyanın siyasət və xəfiyyə nəhənglərini yetişdirmiş Fransa Makronun düşünülməmiş siyasəti nəticəsində dünya mediasında casus şəbəkəsinin ifşası ilə müzakirə olunur. Qərb mətbuatı uzun illər Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunduğunu yazıb.

Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.

Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.

Qərb mediasının yazdığına əsaslansaq, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin bu əməliyyatı Fransa xüsusi xidmət orqanlarının son 50 ildəki ən böyük iflası və biabırçılığıdır.

Azərbaycan tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Yazılan məlumatlar rəsmi təsdiqini tapsa, bu, Fransanın Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini pozması deməkdir. Bu Fransanın təkcə Cənubi Qafqaz deyil, Afrikada da siyasətinə təsir edəcək. Ehtimal etmək olar ki, ifşa olunmuş şəbəkə ilə bağlı yeni faktlar üzə çıxacaq və bu faktlar Makron üçün də yeni sürprizlər yaradacaq.

Görünən odur ki, Fransa xarici siyasəti özünün enişini və fiaskosunu yaşayır. Çünki Fransa təkcə nüfuz dairəsində olan kaloniyalardakı siyasətinin deyil, həm də ifrat tərəfkeşlik üzərində qurduğu xarici siyasətində də biabırçı vəziyyətlə üzləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR