Gəncə terrorunun görünməyən üzü: Arxa cəbhə qəhrəmanları - APA TV

# 19:42
17 oktyabr 2022

44 Günlük vətən savaşında Ermənistan silahlı qüvvələri ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərini bir neçə dəfə ağır artilleriyadan atəşə tutub.Bu zaman şəhərin müxtəlif ərazilərində dağıntılar və yanğınlar qeydə alındı. Düşmən tərəfindən atılan mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların qarşısının alınması, nəticələrinin aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi və  təxliyəsini onlar həyata keçirirdilər. Söhbət arxa cəbhənin qəhrəmanları olan FHN-nin əməkdaşlarından gedir.

 

FHN-nin Gəncə Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Məhəmməd Tağıyev deyir ki, hadisələrin gecə saatlarında baş verməsi xilasetmə işində bir qədər çətinliklər yaradıb. Ancaq, bütün çətinliklərə baxmayaq öz fəaliyyətlərini layiqincə yerinə yetiriblər. FHN-çilər insanları qorumaq üçün şəhərdə patrullar təşkil ediblər.

 

Dağıntılar altında qalan insanları sağ-salamat çıxarmaq üçün gözünü qırpmadan öz canını təhlükəyə atan FHN əməkdaşları terror aktları zamanı yaşananları sözlə ifadə etməyin belə çətin olduğunu deyirlər. Həmin günlərdə canını mülki şəxslərin xilası üçün fəda etməyə hazır olanlardan biri olan FHN-nin Gəncə Regional Mərkəzinin Maarifləndirmə sektorunun müdiri Elnur İmanov deyir ki, ən ağır günlər oktyabrın 11-i və 17-si baş verən terror aktları zamanı yaşanıb.

 

Müsahiblərimiz deyir ki, həmin gecənin qaranlığında dağıntılar altında kömək gözləyənlərin içində körpələrin də olması bizim üçün hadisənin acısını artırırdı.

 

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR