Gəncədə Milad bayramı qeyd edilib

# 18:55
7 yanvar 2023

Gəncədə yerləşən Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Milad bayramı keçirilib. Pravoslav təqviminə əsasən İsa peyğəmbərin doğulduğu gün - 7 yanvar ərəfəsi, yəni Milad bayramı axşamı Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini birgə qeyd ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbrik məktubu oxunub.

Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib. Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər. Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır. Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR