Gəncənin Ermənistan tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür

# 16:09
17 oktyabr 2022

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından iki il ötür.

 

APA TV xəbər verir ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.

 

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 14 nəfər şəhid olub, 55 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da olub.

 

O dəhşətli gecədə 6 yaşlı Xədicə Şahnəzərova ailəsini itirib. Xədicənin valideynləri Züleyxa və Royal Şahnəzərovlar və bacısı 1 yaş yarımlıq Mədinə oktyabrın 17-də gecə vaxtı edilən hücum zamanı dağıntılar altında qalaraq həlak olub.

 

Gəncəyə atılan sonuncu raket nəticəsində Qəhrəmanovlar ailəsinin 4 üzvü həlak olub. Düşmənin gecə saatlarında atdığı raket fərdi yaşayış evlərinin üstünə düşmüşdü. Dəhşətli gecədə ailə başçısı Ramiz Qəhrəmanov da evdə olub. Düşmənin atdığı raket zamanı onun qızı və 3 nəvəsi həlak olub .O hadisəni belə xatırlayır

 

 

Erməni terroru zamanı Əsgərovlar ailəsinin 5 üzvü dağıntılar altında qalaraq həyatını itirib. Ən dəhşətlisi o idi ki, ailədə həlak olanlardan ən kiçiyi 10 aylıq Narin idi. Həmin gecə ailə başçısı Sullidin Əsgərovla birlikdə Oğlu Bəxtiyar, qızı Sevil, Sevilin 10 aylıq körpəsi Narin, bacısı qızı Nigar həlak olublar, evdə olanların digərləri isə ağır yaralanıb. Ailənin tək övladı olan Narin 5 illik həsrətin sonunda dünyaya göz açmışdı. Hərbiçi olan atası müharibəyə yollanarkən ailəsi daha güvəndə olsun deyə həyat yoldaşı Sevili və körpə Narini qayınatasının evinə gətirmişdi.

 

 

Oktyabrın -17 də törədilən terror aktı zamanı ən kiçiyi 10 aylıq Narin olmaqla 5 uşaq həyatını itirib.

 

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR