Gənclərə şad xəbər: AMİM IELTS imtahanları təşkil edəcək

# 18:09
27 yanvar 2022

Britaniya Şurası və Azərbaycan Müəllimlərin İnkişafı Mərkəzi (AMİM) arasında IELTS imtahanlarının hazırlanması və təşkili sahəsində əməkdaşlığa əsaslanan tərəfdaşlıq üzrə saziş imzalanıb.

 

APA TV-nin məlumatına görə, anlaşma memorandumu IELTS imtahanlarının təşkilində keyfiyyətin təminatı sahəsində təcrübə mübadiləsində iki qurumun əməkdaşlıq prinsiplərini əks etdirir. Bu da öz növbəsində AMİM-ın gələcəkdə rəsmi imtahan mərkəzinə çevrilməsinə zəmin yarada bilər.

 

Bu barədə Avropa Azərbaycan Məktəbinin (AAM) direktoru Françesko Bançini məlumat verib: “İmzalanan saziş sayəsində Avropa Azərbaycan Məktəbinin tələbələri rəsmi IELTS qeydiyyat tərəfdaşı statusu, Azərbaycan Müəllimlərin İnkişafı Mərkəzinin Britaniya Şurası ilə birlikdə təşkil edəcəyi təlimlərdə və sınaq imtahanlarında iştirak etməklə, ingilis dili biliklərini təkmilləşdirmək üçün daha yaxşı imkan yaradacaq”.

Britaniya Şurasının Azərbaycan üzrə direktoru Frensis Qardener Trexo deyib ki, IELTS üzrə tərəfdaşlığımız indi daha çox tələbəyə fayda verəcək və bu da öz növbəsində Azərbaycan gənclərinin gələcək karyera imkanlarını genişləndirəcək.

 

Azərbaycan Müəllimlərin İnkişafı Mərkəzinin rəhbəri Rəksanə Məmmədova isə deyib ki, Britaniya Şurası ilə müqavilənin imzalanması mərkəzin bütün maraqlı müştərilərə keyfiyyətli təhsil xidmətləri göstərmək potensialını daha da artıracaq.
 

Qeyd edək ki, Azərbaycan Müəllimlərin İnkişafı Mərkəzinin missiyası tədris və öyrənmənin elmi və sənəti sahəsində tədqiqatların aparılması, cəlbedici və məzmunlu pedaqoji yanaşmaların tətbiqi, texnologiyadan səmərəli istifadəsi və təhlillər vasitəsilə təhsil işçilərinin peşə bacarıqlarını zənginləşdirməkdən, habelə məktəb rəhbərliyinin və təhsil siyasətinin inkişafına töhfə verməkdən ibarətdir.

Semral Cavad
Kamran Namazov
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR