General-mayor: “Mənə şəhidlik qismət olmadı, bu məni çox sarsıtmışdı”

# 16:49
9 mart 2022

“Şuşaya hücum əmrini Xüsusi Təyinatlı Qüvvələr komandanı Vətən Müharibəsi Qəhrəmanı cənab general-leytenant Hikmət Mirzəyevdən Çanaqçı yaşayış məntəqəsinin ətrafında olarkən aldıq. Tam təfərrüatı ilə tapşırığı aldıqdan sonra, əmrin icrası üçün fəaliyyətə başladıq”.

 

APA TV xəbər verir ki, bunu 5-ci Ordu Korpusunun komandiri general-mayor, Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidov APA-ya müsahibəsində bildirib.

 

General deyib ki, əsas idarəetmə Topxana meşəsində, N yüksəkliyindəki mövqeyimizdən təşkil olunmuşdu və plana uyğun olaraq Xüsusi Təyinatlı Qüvvələrin Şuşaya hərəkəti, hücumun başlanması, davam etdirilməsi və Şuşa şəhərinin işğaldan azad olunması birbaşa oradan idarə olunub.

 

Korpus komandiri Şuşanın azad olunması planının çox mükəmməl hazırlandığını deyir. Onun sözlərinə görə, düşmən Azərbaycan Ordusunun başqa istiqamətdən  gəldiyini gözləyərkən hərbçilərimiz düşmənin ağlına gəlməyən bir istiqamətdən Şuşaya daxil olub.

 

Bu zaman yaranmış vəziyyət və şərait istər-istəməz məcbur etdi ki, hərbçilərmiz  düşmənlə çox yaxın, birbaşa təmasda olarkən döyüşə girsinlər.  Çünki hava şəraiti elə idi ki, uzaq təmasdan təbii ki, nə biz onları, nə də onlar bizi görə bilərdi. Ona görə də o şərait bizə imkan verdi ki, düşmənlə yaxın təmasda və bəzi hallarda da əlbəyaxa döyüşə girək. Bunu Şuşa işğaldan azad olunduqdan, döyüşlər bitdikdən sonra orada müşahidə edilən səhnələrdən görmək mümkün idi. Şuşada və Şuşa ətrafında çoxlu sayda – 1000-dən artıq düşmən hərbçisi məhv edilmişdi. Şəhər uğrunda gedən döyüşün mənzərəsinə baxanda bilmək olurdu ki, orada düşmənlə çox yaxın məsafədə təmas və əlbəyaxa döyüş olub.

 

Korpus komandiri Vətən Müharibəsi zamanı ən qanlı döyüşlərin getdiyi Füzuli və Ağdam istiqamətində aparılan əməliyyatlardan da danışıb.

 

Onun sözlərinə görə, Ağdam və Füzulinin işğalına və işğal altında saxlanılmasına düşmən böyük önəm verib: “Çünki onlar yaxşı bilirdi ki, Şuşaya gedən ən qısa yol məhz Füzuli şəhərindən keçir. Bu baxımdan orada düşmən hərbi hissələrinin çoxluğu bu istiqamətdə qanlı döyüşlərin olacağına, hər iki tərəfdən itkilərin də çox olacağına zəmin yaratmışdı. Füzulidə çox ağır döyüşlər getdi. Lakin düşmən bizdən qat-qat çox itkilər verdi”, - deyə Kənan Seyidov qeyd edib.

 

General “Aprel döyüşləri”ndən də söz açıb. O bildirib ki, “Aprel döyüşləri”ni həmişə qürurla yad edir:

 

“Biz illər boyu yorulmadan, usanmadan keçdiyimiz təlimlərin, məşğələlərin, dərslərin bəhrəsini gördük, əhəmiyyətini dərk etdik. İşğalçıların keçilməz hesab etdikləri “Ohanyan səddi” bizim qətiyyətimiz, iradəmiz qarşısında tab gətirmədi. “Aprel döyüşləri”ndə əldə etdiyimiz uğurlar özümüzə inamımızı artırdı, biz daha möhkəm, daha güclü olduq. “Aprel döyüşləri” də çox ağır və gərgin idi. Yaralanmağıma baxmayaraq, döyüş meydanını tərk etmədim, döyüş yoldaşlarım Vüqar Yusifov, Murad Mirzəyev, Raquf Orucov və bir çox hərbi qulluqçularımızla bir səngərdə döyüşdük. O səngərdəki döyüş yoldaşlarımın bir neçəsi şəhid oldu, mən isə sağ qaldım. Tam səmimiyyətlə deyə bilərəm ki, bu acı həqiqət məni sarsıtdı. Sonralar bir çox ağsaqqallarla söhbət zamanı təəssüflə qeyd etdim ki, mənə şəhidlik qismət olmadı. Onlar isə “Nə bilirsən, bəlkə, Allah-Təala səni gələcəkdə daha böyük sınaqlara çəkmək üçün qoruyub saxlayıb” dedilər. Bu sözlər təsəlli üçün deyilməmişdi, uzaqgörənlikdən irəli gəlirdi. Sən demə, irəlidə bizi daha böyük sınaq, daha böyük zəfər yolu gözləyirmiş...”

 

General bildirib ki, Ordumuzun gücü, qüvvəsi daima yüksək olmalı, ayıq-sayıq olmalıyıq, arxayınlaşmamalıyıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR