Göbələk zəhərlənmələri ilə bağlı əhaliyə xəbərdarlıq edildi

# 14:01
21 oktyabr 2021

“Göbələk mövsümü yeni başladığı üçün zəhərlənmələrlə bağlı müraciət azdır. Bu ay göbələklə zəhərlənmə halı ilə bağlı 4-5 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib”.

 

APA TV xəbər verir ki, bunu APA-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, həmin xəstələr müayinə olunduqdan sonra evə buraxılıblar.

 

A. Maqsudov bildirib ki, bu il göbələkdən zəhərlənmə ilə bağlı iki ölüm halı qeydə alınıb. Onun sözlərinə görə, indiyədək göbələkdən zəhərlənmə ilə ölüm halı Qaxdan olan iki uşaq idi, ondan qabaq ölüm halı olmayıb: “Uşaqlar da göbələyi 3 gün əvvəl yemişdi, bizə gec çatdırıldı. Tez çatdırılsaydı, hardasa şans olardı”.

 

Həkim göbələk istifadə edən əhaliyə müraciət edib. Bildirib ki, kimin mədə-bağırsağında problem, həssaslıq varsa, o, özünü qorusun, göbələyi qida məhsulu kimi istifadə etməsin: “Göbələk mürəkkəb zülallı qida məhsuludur. Hər mədə-bağırsaq onu həzm edə bilmir. İnsanlara məsləhət görürəm ki, yol qırağından yığılıb satılan göbələkləri almasınlar, özləri də yığıb yeməsinlər.

 

Göbələklə zəhərlənmə zamanı mədə-bağırsaqda ağrı, köp, ürəkbulanma, qusma, hərarətin qalxması və ishal halları müşahidə olunur”.

 

Bəs bu zaman nə etmək lazımdır sualını həkim belə cavablayıb: “Belə hal hiss edən kimi həkim infeksionistə müraciət etmək lazımdır. Bu, yoluxucu xəstəlik hesab olunur. Mütləq həkim müşahidəsi lazımdır, həkim nəzarəti ilə təyinat olur, evdə müdaxilə etmək olmaz.

 

A. Maqsudov deyib ki,  ötən illə müqayisədə göbələklə zəhərlənmə halında artım yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR