Goranboyda küləyin aşırdığı ağac binanın damını deşdi

# 14:15
10 may 2021

Ölkə ərazisində müşahidə olunan güclü külək Goranboyda da fəsadsız ötməyib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, axşam çağı güclənən külək rayonun Məmməd  Məhərrəmov küçəsi 14 ünvanında yaşayan 10 nömrəli evin sakinlərinə “sürpriz” yaşadıb.

 

Həmin ünvanda yerləşən ikimərtəbəli qəzalı binanın sakinlərindən olan Bəsti Allahverdiyevanın yataq otağına irigövdəli qovaq ağacı dam örtüyünü dələrək daxil olub. Yenicə yatmaq istəyən yaşlı qadın iri ağac parçasından xəsarətsiz xilas ola bilib. Evin azyaşlı sakinləri isə daha çox həyəcan keçiriblər. Ev sahibi bildirib ki, binanın önündə bitən iri qovaq ağacı güclü külək olan zaman sakinlər üçün təhlükə saçır. 

 

Güclü küləkdən sonra evin dam örtüyü deşildiyindən, yağış suları da mənzilə ziyan verib.

 

Məmməd  Məhərrəmov küçəsi-14 ünvanında yerləşən ikimərtəbəli bina 2 il əvvəl təhlükəli vəziyyətə düşdüyündən, sakinlərə binanın tərk edilməsi barədə bildiriş verilib. Amma sakinlər hələ də qorxa-qorxa orada yaşadıqlarını deyirlər.

 

Qeyd edək ki, güclü külək rayonun Qızılhacı qəsəbəsində irigövdəli ağacı Goranboy-Tərtər yoluna aşırıb. Həmçinin təbiət hadisəsi zamanı rayonun Qızılhacılı qəsəbəsi, Balakürd kəndi, Boluslu, Məşədiqaralar, Eyvazlılar, Qazançı, Goranlı, Qarapilmi, Xəsədərli, Qırıxlı və Gülməmmədli kəndləri gecədən səhərə qədər elektrik enerjisiz qalıb. Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR