Göyçayda xüsusi əməliyyat - TUTULANLAR VAR

# 18:03
8 yanvar 2022

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.
 

APA TV-nin yerli bürosunun xəbərinə görə, daxil olmuş məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Turqut Fətəlizadə, Fəyaz Hüseynov və Nüsrət Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı Turqut Fətəlizadədən 2 kq 515 qr qurudulmuş marixuana, 205 qram heroin, 352 qram tiryək, 100 qram metamfetamin və 79 ədəd metadon həbi aşkarlanaraq maddi sübut kimi götürülüb.


Araşdırma zamanı həmin şəxslərin narkotik vasitələri və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldıqları məlum olub.

 

Belə ki, Fəyaz Hüseynov tanışı Turqut Fətəlizadə ilə telefonla əlaqə saxlayaraq həmin xarici ölkə vətəndaşının Göyçay rayonu Qarayazı kəndi ərazisində narkotik gizlətdiyini bildirib və onu götürüb aralarında bölməyi təklif edib. Bu məqsədlə Turqut tanışı Nüsrət Məmmədovla birgə Şamaxı rayonuna gəlib və burada Fəyaz Hüseynovla görüşdükdən sonra birgə Göyçay rayonuna gediblər. Narkotiki əvvəlcədən bildikləri yerdən götürüb, öz aralarında bölərkən polis əməkdaşları tərəfindən elə iş başında yaxalanıblar. Onlar saxlanılarkən müqavimət göstərməyə çalışsalar da, polislərin çevikliyi nəticəsində zərərsizləşdirilərək şöbəyə gətiriliblər.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Şahnəzər Bəşirov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR