Gözəllik salonuna basqın edən şəxs AZADLIĞA BURAXILDI

# 12:45
28 iyul 2022

Külli miqdarda narkotik dövriyyəsi və xuliqanlıqda təqsirli bilinərək 5 il 6 ay azadlıqdan məhrum edilmiş Kənan Tağıyev barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

 

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan iş üzrə ittihamedici hökm tamamilə ləğv edilib.

 

Hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi məhkəmə heyəti cinayət işinin birinci instansiya məhkəməsində düzgün tədqiq edilmədiyi qənaətinə gəlib.

 

Məhkəmənin qərarı ilə Kənan Tağıyev bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb.

 

Xatırladaq ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlu 2021-ci ilin sentyabr ayında gözəllik salonlarından birinə girərək oranın işçilərinə qarşı təhqiredici sözlər işlətdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Sonradan Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumata görə, şəxsi axtarış zamanı Kənan Tağıyevin üzərindən və yaşadığı ünvandan metamfetamin aşkar olunaraq götürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi iş üzrə Kənan Tağıyev verilmiş ittihamlarla təqsirli bilinərək 5 il 6 ay azadlıqdan məhrum edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR