Gülən üzü ilə mübarizə simvoluna çevrildi - Gəncə terrorundan bir il ötür

# 18:10
11 oktyabr 2021

Bu gün ölkənin ikinci şəhəri olan Gəncənin ermənilər tərəfindən raket atəşinə tutulmasından bir il ötür. Gəncəni atəşə tutmaqla erməni terrorçuları diqqəti cəbhədən yayındırmağa və döyüş meydanında güc gələ bilmədikləri Azərbaycan ordusunun əzmini bu cür qırmağa cəhd etdilər. Vətən müharibəsi zamanı Gəncə dəfələrlə raket zərbəsi aldı, hər dəfə də məğrur duruşu ilə düşmənə göz dağı oldu.

Oktyabrın 11-ə kimi Gəncə artıq bir neçə dəfə düşmənin hədəfinə tuş gəlmişdi. Gündüz dağıntılar törətsə də, insan tələfatına nail ola bilməyən mənfur düşmən bu dəfə gecə insanlar, dinc sakinlər yatan vaxt Gəncə növbəti dəfə raket atəşinə tutuldu.

Bu hadisə xalqın yumruq kimi birləşməsinə səbəb olmuşdu. Müharibənin qaydalarına uyğun olaraq ölkədə hərbi vəziyyətlə bağlı komendant  saatı elan olunsa da sutkanın hansı vaxtı olmasından asılı olmayaraq gəncəlilər raket düşən yerə can atır, köməklik etmək istəyirdilər. Səhərə qədər xilasedicilər dağıntılar altında həyatını itirən insanların cəsədlərini və yaralıları çıxartmağa yardım edirdilər. Həmin gecə olanlara baxmayaraq yaralanıb üz-gözü qan içində gülümsəyən 5 yaşlı Bəxtiyar Heydərli əslində bütöv bir xalqın müharibə günlərindəki əhval ruhiyyəsinin təcəssümü idi.

30 ilə yaxındır bu günü gözləyən analar öz övladlarını könüllü olaraq cəbhəyə yola salır, dalınca sovqat hazırlayıb aparırdılar. Dürrə Cəfərova da həmin analar idi. Özü tibb bacısı kimi yaralılara ilkin tibbi yardım göstərir,  övladları isə cəbhədə vətənə xidmət edirdilər. Həmin gecəni cəbhədəki oğluna və onun əsgər yoldaşlarına dolma büküb hazırlamışdı, görüşünə gedəcəkdi, ama zalım düşmən aman vermədi. Raket düşən zaman oda şəhid oldu.

O dəhşətli gecədə bir ailə yer üzündən silindi, iki ailənin üç övladı hər iki valideynlərini itirdi. 5-i qadın olmaqla 10 nəfər həlak oldu,  40 nəfər yaralandı. Bütün bunlar müharibənin gedişində Moskvanın vasitəçiliyi ilə humanitar atəşkəsin imzalanmasından cəmi bir gün sonra baş verdi. 10  oktyabrda imzalanan atəşkəsdən sonra düşmənin törətdiyi bu əməl onun öz imzasına hörmət etmədiyini  və terrorçu olduğunu sübut edir.

 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov,  APA TV,  Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR