Hadisə yerində jurnalistlərə zor tətbiq edilib – APA TV

# 05:00
28 fevral 2023

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verən ərazidə çəkiliş aparan jurnalistlər qəzaya uğramış avtomobillərdə olan şəxslər tərəfindən hücuma məruz qalıb. APA-nın xəbərinə görə, Abbas Mirzə Şərifzadə küçəsi 156 ünvanında "AzSamand" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib. Qəza yerində hadisənin nəticələrini lentə alan zaman "AzSamand" markalı avtomobildə olan şəxslər qəza törədən şəxsin qazi olduğunu deyərək, kameraya əl atmaqla çəkiliş qrupuna mane olub. Həmin şəxslər bununla kifayətlənməyib etik normalardan kənar ifadələr işlədib, ardınca APA TV-nin kamerasına xətər yetiriblər. İnsident zamanı kamera zədələnib. Hücuma məruz qalan media nümayəndələri dərhal Daxili İşlər Nazirliyinin "102" zəng xidməti ilə əlaqə saxlayıb. Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəldikdən sonra jurnalistlər peşə fəaliyyətini davam etdirə bilib. Çəkiliş qrupuna hücum edən şəxslər isə avtomobili hadisə yerində qoyaraq ərazidən uzaqlaşıb. Faktla bağlı Yasamal rayon 28-ci polis bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR